- 03 Jul 2023
“Azərbaycan Rektorlar Konfransı”nın yaradılması layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resurslarına məsul şəxslərinə "Strateji insan resursların idarə olunması" tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib. “Azərbaijan HR İnstitute” şirkətinin dəstəyi ilə təşkil edilmiş təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edərək təlimi müvəffəqiyyətlə başa vurub. BAAU-nun əməkdaşı Aygün Rəhimova da kursu uğurla bitirərək sertifikata layiq görülüb. Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub.
Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tədbir iştirakçılarını salamlayıb və sertifikatlaşmanın önəmindən bəhs edib. O qeyd edib ki, insan resurslarının idarə edilməsi hazırda strateji istiqamət olmaqla ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan insan resurslarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalı və mütəxəssislərin peşəkarlığı daim təkmilləşdirilməlidir.
Daha sonra çıxış edən Azərbaican HR İnstitute-un direktoru Emil Hüseynov Bakı Biznes Universiteti ilə ECAR layihəsi çərçivəsindəki məhsuldar əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib. E.Hüseynov insan resursları mütəxəssislərinin təlimlərdə yüksək səviyyədə iştirakı və uğurlu nəticələrindən danışıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
Təlimdə iştirak etmiş ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək keçirilən təlimlərdən razı qaldıqları, şəxsi və peşəkar inkişaf baxımından faydalı biliklər əldə etdiklərini deyiblər. Tədbirin yekununda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim olunub.
Onu da qeyd edək ki, tədbir Bakı Biznes Univeristetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində keçirilib.