Xəbərlər

BAAU-nun tərəfdaş olduğu 9-cu Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

BAAU-nun tərəfdaş olduğu 9-cu Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib
  • 12 Jun 2022

Bakı Avrasiya Universiteti, Türkiyənin Niğde Ömər Halisdemir Universiteti və Qazax Milli Qızlar Pedaqoji Universitetinin tərəfdaşlığı ilə “Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu” keçirilib. 

Hər il təşkil edilən və bu il 9-cu dəfə keçirilən Simpozium iyunun 7-dən 10-dək Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə keçirilib.

Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda türk dünyasının dil, ədəbiyyat, tarix, sənət tarixi, təhsil, beynəlxalq münasibətlər, iqtisadiyyat, sosiologiya, siyasət və ictimai elmlərin bütün sahələrində elmi araşdırmaların aparılmasına və  ortaq mədəni dəyərlərin nümayişinə və təbliğinə həsr edilir.

Bakı Avrasiya Universitetini Simpoziumda Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova, Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov təmsil ediblər.

Simpoziumun rəsmi açılış mərasiminə Niğde valisi Mustafa Qoç, Niğde Bələdiyyə sədrinin müavini Əhməd Taciroğlu, Konya Texniki Universitetinin rektoru prof.dr. Babür Özçelik, tanınmış alim və tədqiqatçılar, digər çoxsaylı qonaqlar qatılıblar.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edib. İştirakçıları BAAU-nun rektoru Nazim Hüseynli adından salamlayan G.İbrahimova Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun türk dünyasının akademik heyətinin bir araya gətirilməsində uğurlu layihə olduğunu deyib. O daha sonra türk dövlətləri arasında qurulan elm, təhsil və digər uğurlu əməkdaşlıqdan danışıb.

Simpoziumun açılışında həmçinin qeyd edilib ki, türk dövlətləri arasında tələbə və müəllim mübadiləsi, həmçinin tələbələrin Türkiyənin müxtəlif universitetlərində təhsil almasına yol açmaq üçün əhəmiyyətli bir addımdır.

Konfransın bölmələrində Azərbaycandan getmiş çoxsaylı alimlər öz məruzələri ilə çıxış ediblər. Bölmələrdəki çıxışlar müxtəlif türk ləhcələrində, hər hansı bir tərcümə olmadan gerçəkləşdirilib.

Təqdim edilən məqalələr Avrasiya dövlət və toplumlarının tarixi, Avrasiyanın tarixi dəyərləri, təhsildə innovativ yanaşma və təcrübələr, mədəniyyətlərarası əlaqələr, regional problemlər və həll yolları, regional dövlətlərin siyasi əlaqələri. dövlətlər və toplumlar, türk dünyasında iqtisadi problemlər, Avrasiyada iqtisadi əlaqələr, əməkdaşlıq və inteqrasiya, türk dövlətlərində pul və fiskal siyasətlər, türk dünyasında din, fəlsəfə və hüquq və bir çox başqa mövzulara həsr edilib. 

9-cu Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda uyğun bölmələrdə müxtəlif mövzularda elmi çıxışlarla yanaşı “Kökümüz türkdür” festivalı çərçivəsində konsertlər, xalq oyunları və tamaşalar da ifa edilmişdir.

Bakı Avrasiya Universitetini “Kökümüz türkdür” festivalında xanəndə Murad Kəngərli, müğənni Hidayət Əliyev, rəqqas Aydan Kamilova, tarda İlhamiz İsmayilov, kamanda Elşən Qəribov təmsil ediblər. Onların ifasında səsləndirilən xalq və klassik mahnılar, milli rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Digər Xəbərlər