Xəbərlər

BAAU-nun təşkilatçılığı ilə “Akademik yazı və tədqiqatın inkişafı” mövzusunda onlayn seminar keçirilib

BAAU-nun təşkilatçılığı ilə “Akademik yazı və tədqiqatın inkişafı” mövzusunda onlayn seminar keçirilib
  • 24 Jan 2025

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Academic Writing & Research Development (Akademik yazı və tədqiqatın inkişafı)" mövzusunda növbəti onlayn seminar keçirilib. "ZOOM" platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
Seminarın açılış nitqi ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, tədbirin əhəmiyyətindən bəhs edərək, bu tip seminarların iştirakçıların akademik bacarıqlarının inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, qeyd edib ki, müasir elmi tədqiqatların beynəlxalq standartlara uyğun olaraq hazırlanması zərurəti hər bir tədqiqatçının və alimin prioritetlərindən biri olmalıdır. S.Rzayeva universitetin beynəlxalq əməkdaşlıq və elmi inkişaf istiqamətində davam edən fəaliyyətlərindən danışıb. Daha sonra söz BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri prof. Cem Işığa verilib.
Prof. Cem Işık akademik yazı mədəniyyətinin formalaşdırılması, elmi məqalələrin yazılması prosesində mənbələrin düzgün seçilməsi və istinad qaydalarının tətbiqi kimi məsələlərə diqqət çəkib. O, yüksək indeksli jurnallarda məqalələrin dərc edilməsi və bu məqalələrə istinadların artırılmasının əhəmiyyətini vurğulayıb. Professor tədqiqatın planlaşdırılması, strukturlaşdırılması və nəticələrin effektiv şəkildə təqdim olunması ilə bağlı praktiki tövsiyələr verib. Xüsusilə məqalə və tezis hazırlayarkən mənbələrin düzgün seçilməsi, istinadların beynəlxalq standartlara uyğun təqdim olunması, süni intellekt alətlərinin tətbiqi və plagiatlıq risklərinin aradan qaldırılması kimi vacib məqamlara diqqət yetirilməsinin zəruriliyini qeyd edib. Bundan əlavə, yüksək təsir faktoruna malik jurnallara məqalə təqdim edərkən redaktorların və resenzentlərin gözləntiləri, eləcə də qəbul və rədd meyarları barədə məlumat verib.
Seminar mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq seminar və ustad dərslər silsilə şəklində davam etdiriləcək.

Digər Xəbərlər