- 09 Feb 2025
Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Davamlılığın qeyri-müəyyənliyi (Sustainability Uncertainty)” mövzusunda növbəti onlayn seminar keçirilib. "ZOOM" platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri prof. Cem Işığın moderatorluğu ilə keçən seminarda Cənubi Florida Universitetindən Prof. Dr. Serdar Ongan mövzuyla bağlı təqdimatla çıxış edib.
S.Ongan çıxışında seminarın əsas mövzusuna toxunaraq, davamlılıqla bağlı qeyri-müəyyənliyin müasir iqtisadi və ekoloji aspektlərini vurğulayıb. O, iqlim dəyişikliyi, qlobal iqtisadi böhranlar və sosial bərabərsizlik kimi faktorların davamlı inkişaf strategiyalarına təsir etdiyini qeyd edib.
Məruzəçi xüsusilə qeyri-müəyyənliyin biznes və siyasət sahələrinə təsirindən bəhs edərək, müəssisələrin və hökumətlərin dəyişkən şəraitdə adaptasiya strategiyalarını inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Professor, həmçinin, davamlılığın idarə olunmasında statistik modellər və süni intellektin rolu barədə müzakirə aparıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq seminar və ustad dərslər silsilə şəklində davam etdiriləcək.