- 12 Sep 2025
Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi 2025/2026-cı tədris ilində yeni işə başlayacaq müəllimlərlə görüş keçirib.
Universitetin rektoru, dos. Səyavuş Qasımov müəllimləri yeni fəaliyyətə başlamaları münasibətilə təbrik edərək onların peşəkarlığının keyfiyyətli təhsil və elmi-tədqiqat mühitinin formalaşmasında həlledici rol oynadığını vurğulayıb. O, həmçinin müstəqil Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan BAAU-nun son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Rektor akademik heyətin gənc və peşəkar kadrlarla davamlı olaraq gücləndirilməsinin, rəqabətqabiliyyətli məzunların hazırlanmasının və onların əmək bazarında mövqelərinin möhkəmləndirilməsinin universitet üçün əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. O, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və nəticələrinin əhəmiyyətlilik dərəcəsinin yüksəldilməsi istiqamətində atılacaq addımları da qeyd edib.
Görüşdə BAAU-nun tədris işləri üzrə prorektoru, dos. Nigar Hüseynova çıxış edərək vakansiya müsabiqəsində uğur qazanmış gənc müəllimləri təbrik edib, onlara məsuliyyətli peşə yolunda uğurlar diləyib və tədrisin keyfiyyətli təşkilində fəal iştirak edəcəklərinə inandığını bildirib.
Eyni zamanda, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, dos. Mütəllim Rəhimov da yeni müəllimləri təbrik edərək öz tövsiyələrini bölüşüb.
Tədbirin sonunda müəllimlərin sualları cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.