- 26 Sep 2025
Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə “Düşərgə lideri” proqramı uğurla icra olunub. Sözügedən proqrama Azərbaycandan 300 nəfərdən çox gənclər və tələbələr müraciət etmiş, onlardan 80 nəfər I mərhələyə seçilmişdir ki, onlar da 4-9 sentyabr tarixlərində Quba şəhərində təlimlərə və tədbirlərə qatılıb. Bu tədbirdən sonra II mərhələyə, yəni 19-dan 25-dək Türkiyənin Bursa şəhərində yerləşən Karacaali Gənclər Düşərgəsində 40 nəfər gənclər və tələbələr iştirak hüququ qazanıb və onlar içərisində BAAU-dan 3 nəfər fəal tələbə də iştirak edib.
Proqramın II mərhələsində Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və İqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasının IV kurs tələbəsi Şakir Qarayev, “Maliyyə” ixtisasının IV kurs tələbəsi Aysu Məmmədova və Regionşünaslıq (ABŞ və Kanada üzrə)” ixtisasının II kurs tələbəsi Kamran Kazımlı iştirak edib.
Proqram çərçivəsində fərqli mövzularda təlimlər təşkil olunub və iştirakçılar gənclər düşərgələrinin təşkili üçün gənc peşəkarların liderlik bacarıqlarını inkişaf etdirmək, düşərgə proqramı yaratmaq, təşkil və idarə etmək, komanda işi və liderlik bacarıqları, effektiv ünsiyyətin qurulması, eləcə də mədəni və idman tədbirlərinin təşkili mövzularında həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.
Proqramın sonunda bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.




