- 13 Apr 2025
2025-ci il 8-10 aprel tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə “EURIE2025 – Avrasiya Ali Təhsil Sammiti” keçirilib. Bu il onuncu dəfə təşkil olunan sammitdə 65 ölkədən 2 mindən çox beynəlxalq təhsil lideri, akademik və sənaye nümayəndəsi iştirak edib.
Ali təhsilin beynəlmiləlləşdirilməsi, idarə olunması və ölkələrarası tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi sammitin əsas mövzuları sırasında olub. Tədbirdə yüksək səviyyəli beynəlxalq təhsil rəsmiləri də iştirak edib.
Sammitdə Bakı Avrasiya Universiteti (BAAU) də iştirak edib. Universitet 2025-ci ildən etibarən EURAS-ın üzvüdür və bu münasibətlə EURIE2025 Ali Təhsil Sammitinə dəvət olunub. Tədbirdə universiteti rektor, dosent Səyavuş Qasımov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva təmsil ediblər.
Səfər zamanı BAAU nümayəndə heyəti bir çox ölkənin müxtəlif universitetləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər və universitet ilə əməkdaşlıq memorandumları imzalayıblar.
Qeyd edək ki, BAAU beynəlxalq əlaqələrin genişləndirilməsini, əməkdaş və təhsilalanlar üçün yeni imkanların yaradılmasını əsas prioritetlərindən biri hesab edir. EURIE 2025 Ali Təhsil Sammiti bu baxımdan universitet üçün mühüm əməkdaşlıq platforması olmuşdur.