- 14 Apr 2025
2025-ci il 8-10 aprel tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən “EURIE2025 – Avrasiya Ali Təhsil Sammiti” çərçivəsində Bakı Avrasiya Universiteti (BAAU) və İstanbul Aydın Universiteti (İAU) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum BAAU-nun rektoru, dos. Səyavuş Qasımov və İAU-nun Qəyyumlar Şurasının sədri, prof. Dr. Mustafa Aydın tərəfindən imzalanıb. Memorandum tərəflər arasında ali təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, eləcə də təhsil, metodik və elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Sazişə əsasən tərəflər müəllim və tədqiqatçıların, doktorant, magistr və bakalavr tələbələrinin akademik mübadiləsi, ikili diplom proqramlarının təşkili, birgə elmi tədqiqatların və konfransların keçirilməsi, tədris proqramlarının və layihələrinin paylaşılması, qarşılıqlı təcrübə mübadiləsi və digər əməkdaşlıq sahələrində birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində həmçinin universitet əməkdaşlarının ixtisasartırma və yenidən hazırlıq proqramlarında iştirakı, birgə nəşrlər və elmi məqalələrin nüfuzlu beynəlxalq elmi bazalarda çapı, eləcə də beynəlxalq akademik reytinqlərdə iştirak məqsədilə birgə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, beş il müddətinə qüvvədə olacaq bu əməkdaşlıq sənədi gələcəkdə tərəflərin razılığı əsasında avtomatik olaraq yenilənə bilər.