Xəbərlər

Bakı Avrasiya Universiteti ilə STEM Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Avrasiya Universiteti ilə STEM Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 18 Mar 2025

2025-ci il martın 17-də Bakı Avrasiya Universiteti (BAAU) və Siyasət, Tarix və Etnoqrafiya Mərkəzi (STEM) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum BAAU-nun konfrans zalında keçirilən "Azərbaycan-transkontinental meqa marşrutların 'Şərq-Qərb' və 'Şimal-Cənub' kəsişmə nöqtəsində" mövzusunda dəyirmi masa zamanı imzalanıb. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ekspertlər və universitetin akademik-inzibati heyət üzvləri iştirak ediblər.
Açılış nitqində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov universitetlə elm mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu memorandumun tərəflər üçün faydalı nəticələr verməsini arzuladığını bildirib. Rektor qeyd edib ki, BAAU 30 ildən çoxdur ki, fəaliyyət göstərir və hal-hazırda 17 ölkədən 150-yə yaxın əcnəbi tələbə təhsil alır. Universitetin beynəlxalq səviyyədə nüfuzunun artırılması və elmi tədqiqatların inkişafı üçün STEM ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev isə çıxışında Azərbaycanın coğrafi mövqeyinin önəmini vurğulayaraq, ölkənin Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində açar rol oynadığını bildirib. O, qeyd edib ki, Azərbaycanın tranzit potensialının artırılması və bu sahədə kadr hazırlığı üçün BAAU ilə STEM arasında bağlanan memorandum böyük əhəmiyyət daşıyır.
Memorandum tərəflər arasında elmi tədqiqatlar, təlimlər, birgə layihələr və beynəlxalq əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafını nəzərdə tutur. Tərəflər birgə seminarlar, təlimlər, forumlar, konfranslar, layihələr və təcrübə-mübadilə proqramları təşkil edəcək, qrant müsabiqələrinə müraciət edəcək və heç bir maliyyə öhdəliyi olmadan qanunauyğun fəaliyyətlərini sərbəst şəkildə həyata keçirəcəklər. Memorandum 5 il müddətinə qüvvədə olacaqdır.

Digər Xəbərlər