- 26 Sep 2025
Bakı Avrasiya Universitetində (BAAU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BAAU-nun prorektoru, professor Gülzar İbrahimova 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq qeyd edib ki, bu gün yalnız matəm deyil, həm də xalqımızın birlik və mübarizə ruhunun, torpaq və dövlət sevgisinin təcəssümüdür: “27 sentyabr 2025-ci il tarixində Azərbaycan xalqı və dövləti üçün qürurverici, şanlı bir tarixin başlanğıcından beş il ötür. Vətən müharibəsində canlarından keçən şəhidlərimiz ən ali zirvəyə – şəhidlik zirvəsinə ucalıb. Universitet olaraq bizim əsas vəzifələrimizdən biri bu qəhrəmanlıq salnaməsini gənc nəslə ötürmək və şəhidlərimizin xatirəsini daim uca tutmaqdır.”
Daha sonra universitet əməkdaşları və tələbələrinin çıxışları dinlənilib. İsmayılova Aygün “Qanla yazılan tarix, yaddaşımızda yaşayan igidlər” mövzusunda çıxış edərək Azərbaycan xalqının hər bir mühüm tarixi hadisəsinin şəhidlərimizin fədakarlığı ilə bağlı olduğunu qeyd edib. Miriyəva Aygün “27 Sentyabr – Qürur və Yaddaş Günü” mövzusunda çıxışında bu günün yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə inamın ifadəsi olduğunu vurğulayıb. Adıgözəlova Məleykə isə “27 Sentyabr: Tarixi ədalətin bərpasına gedən yol” mövzusunda çıxış edərək 44 günlük müharibənin uzun illər davam edən işğala qarşı aparılan ədalətli mübarizənin tarixi yekunu olduğunu diqqətə çatdırıb.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən İkinci Qarabağ müharibəsi şəhidi Vüqar Xalid oğlu Şıxıyevin bacısı İlhamə Şıxıyeva “44 günlük müharibənin tarixi dərsləri” mövzusunda çıxış edərək şəhid qardaşının döyüş yolundan, həmçinin şəhid ailələrinin yaşadığı qürur və kədər dolu hisslərdən bəhs edib.
BAAU-nun professoru, tanınmış tarixçi Ədalət Tahirzadə isə “Qələbəmizin tarixi önəmi” mövzusunda məruzə edərək Vətən müharibəsinin geosiyasi nəticələri, Azərbaycanın regiondakı mövqeyinin möhkəmlənməsi və bu tarixi zəfərin dövlətçilik baxımından əhəmiyyətini təhlil edib.