- 27 Sep 2024
Bakı Avrasiya Universitetində (BAAU) 27 sentyabr Anım Gününə həsr olunan tədbir keçirilib. Anım tədbirində universitet rəhbərliyi, professor- müəllim heyəti və tələbələr iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən danışılıb. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamı ilə 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçmiş şəhidlərimiz qürur və ehtiramla yad edilir. Bu gün təkcə 44 günlük Vətən müharibəsinin deyil, həm də Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcıdır.
Bakı Avrasiya Universitetinin şəhid məzunları böyük qürur və fəxrlə anılıb, onların döyüş yolundan, qəhrəmanlığından söz açılıb.
Tədbir bədii kompozisiya ilə başa çatıb.