XƏBƏRLƏR

Bakı Avrasiya Universitetində “CareerLAB” şəbəkəsi çərçivəsində turizm sahəsində karyera imkanları müzakirə olunub

Bakı Avrasiya Universitetində “CareerLAB” şəbəkəsi çərçivəsində turizm sahəsində karyera imkanları müzakirə olunub
  • 16 Nov 2026

Bakı Avrasiya Universitetində (BAAU) “CareerLAB” şəbəkəsi çərçivəsində turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün panel müzakirə keçirilib.

Tədbirin məqsədi gəncləri turizm sektorundakı karyera imkanları, müasir trendlər, peşəkar inkişaf perspektivləri və beynəlxalq təcrübə ilə tanış etmək, onların bu sahəyə marağını artırmaq olub.

Tədbirin rəsmi hissəsində Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov çıxış edərək ali təhsil müəssisələrinin gənclərin peşəkar inkişafındakı rolundan və turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnməsinin və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini, iqtisad elmləri namizədi Ceyhun Hüseynov da çıxış edərək gənclərin inkişafı, təşəbbüskarlığı və peşəkar formalaşması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib.

Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov tələbələrin karyera inkişafı və əmək bazarına hazırlanmasında bu kimi təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev isə gənclərin peşəkar inkişafı və turizm sektorunda yeni imkanların yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənovanın moderatorluğu ilə panel müzakirə keçirilib.

Paneldə tanınmış Azərbaycan səyyahı, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin sədri Azər Qərib, “Pasha Travel” şirkətinin Brend və Marketinq rəhbəri Cəmilə Əhmədzadə, eləcə də SKAL Bakı Turizm Peşəkarlarının sədri Ceyhun Aşurov spiker qismində iştirak ediblər.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.

DİGƏR XƏBƏRLƏR