- 21 Oct 2024
Oktyabrın 21-də Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ilə bağlı maarifləndirici seminar keçirilib. Seminarda universitetin bir qrup akademik-inzibati heyət üzvü, “Filologiya” və “Tərcümə” ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.
Öncə BAAU-nun İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Pərviz Qurbanov “Davamlı insan inkişafının qlobal iqlim dəyişikliyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 konfransının mahiyyəti və fəaliyyət çərçivəsi, iqlim dəyişikliklərinin fəsadları, davamlı inkişaf məqsədlərinin əsas qrupları, inklüziv inkişaf imkanlarının məhdudlaşdırılmasının tipləri kimi mövzulara toxunulub.
Seminar həmin kafedranın müəllimi Aydan Aslanovanın “Qlobal iqlim dəyişikliyinə davamlı insan inkişafının təsiri” mövzusunda məruzəsi ilə davam edib. A. Aslanova məruzəsində davamlı inkişafın funksiyaları, onun konsepsiyasının məqsədlərinə uyğun olaraq dünya ölkələrinin gördüyü tədbirlər, qlobal iqlim dəyişiklikləri və onunla mübarizə ilə bağlı fəaliyyətlər, COP-un 29-cu konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin təhsilə inteqrasiyası, Azərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə dünyaya verdiyi vacib mesajlar barədə məlumat verib.
Məruzələrdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Sonda BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Dos. Sevda Rzayeva məruzəçilərə faydalı məlumatlarla dolu çıxışlarına görə təşəkkürünü bildirib.