- 16 Dec 2023
Bakı Avrasiya Universitetində Filologiya fakültəsinin “Azərbaycan və dünya ədəbiyyatı” ilə “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkil etdiyi Ulu Öndər Heydər Əliyev ili çərçivəsində “Cümhuriyyətdən əsintilər” adlı tədbir keçirilib. Tədbirin proqramı özündə üç əlamətdar tarixi hadisəni: Azərbaycan Respublikasının yaranmasının 105 illiyi, Türkiyə Respublikasının yaranmasının 100 illiyi və Şimali Kıbrıs Türk Respublikasının yaranmasının 40 illiyini cəmləşdirmişdir. Tədbirdə qonaq qismində Şimali Kıbrıs Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer iştirak edib. Tədbir öncəsi Ufuk Turganeri universitetin rektoru professor Nazim Hüseynli qəbul edib. Görüşdə universitetin elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımov, “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç, “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli iştirak edib. Görüşdə təhsil, elm və digər məsələlər haqqında söhbətlər aparılıb, maraqlı fikirlər səsləndirilib. Görüş boyu və sonda xatirə şəkilləri çəkilib. Tədbirin proqramı öz rəngarəngliyi ilə yadda qalıb. Belə ki, proqrama uyğun olaraq, öncə universitetin tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş edilib. Sərgidə Mustafa Kamal Atatürkün, Heydər Əliyevin təsvirləri, Azərbaycanın, Türkiyənin, Şimali Kıbrıs Türk Respublikasının bayraqları, hər üç ölkənin görməli yerləri təsvir olunan rəsm əsərləri, müxtəlif maketlər, toxunma nümunələri iştirakçıların marağını cəlb edib. Ardından Şimali Kıbrıs Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edib. Ufuk xanımın səmimi çıxışı hər kəs tərəfindən gözəl qarşılanıb. Çıxışçılar arasında universitetin elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımov da yer alıb. Daha sonra tədbirin ədəbi-bədii hissəsi başlayıb. Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib, Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardından tədbirin bu hissəsində Azərbaycan Respublikasının yaranmasının 105 illiyi, Türkiyə Respublikasının yaranmasının 100 illiyi və Şimali Kıbrıs Türk Respublikasının yaranmasının 40 illiyini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Tələbələr Azərbaycan, Türkiyə və Şimali Kıbrıs şairlərinin qələmindən çıxan bir-birindən gözəl, vətənpərvər mövzulu şeirlərini, bəzi tələbələr özlərinin qələmə aldığı şeirlərini səsləndirib, canlı musiqilər, milli rəqs ifa edilib. Ədəbi-bədii hissə Çanaqqala
savaşının izlərini özündə daşıyan teatr tamaşa ilə yekunlaşıb. Tamaşada universitet tələbələri ilə yanaşı, Türk-Anadolu liseyi nəzdində Bakı-Türk ibtidai məktəbinin 4-cü sinif şagirdi Türkay Kekeç də yer alıb. Tədbirin ədəbi-bədii hissəsi izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Ədəbi-bədii hissənin sonunda tələbələr tərəfindən Ufuk xanım üçün hazırladıqları atlas lentlərdən düzəldilmiş Şimali Kıbrıs Türk Respublikasının bayrağını təsvir edən gül dəstəsi, dosent Zəminə Rüstəmbəyli və professor Elmira Məmmədova-Kekeç tərəfindən isə mineral daş və muncuqlardan düzəldilmiş əl işi olan Qarabağ torpağının ecazkar çiçəyi, Şəhidlərimizin və Zəfərimizin simvoluna çevrilmiş Xarı bül-bül təsvirli yaxa sancağı hədiyyə edilib. Tədbir proqrama uyğun olaraq sonda tələbələr tərəfindən hazırlanmış “Nəzəri dilçilik və türk dilləri” kafedrasında “Ortaq Türk mətbəxindən incilər” adlı yemək və şirniyyat süfrəsinin nümayişi və ikramı ilə yekunlaşıb. Tədbir boyu və sonda xatirə şəkilləri və video kadrlar çəkilib.