Xəbərlər

Bakı Avrasiya Universitetində “Ərəb Dili Ayı” çərçivəsində görüş keçirilib

Bakı Avrasiya Universitetində “Ərəb Dili Ayı” çərçivəsində görüş keçirilib
  • 19 Aug 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Ərəb Dili Ayı” münasibətilə Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrinin və universitet rəhbərliyinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə ərəb dilinin tədrisi, ərəb mədəniyyətinin öyrənilməsi, həmçinin beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında universitetin Ərəbşünaslıq mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, mərkəzin əsas məqsədi ərəb dilinin tədrisinin inkişafı, eləcə də Səudiyyə Ərəbistanı ilə elmi və mədəni əməkdaşlığın gücləndirilməsidir.

Mərkəzin fəaliyyəti çərçivəsində ərəb dilinin tədrisi ön plandadır və indiyədək 500-dən çox tələbə kurslarda iştirak edib. Bundan əlavə, dövlət qurumlarının əməkdaşları, turizm sahəsində çalışan mütəxəssislər və media nümayəndələri üçün ödənişsiz proqramlar təşkil olunur. Mərkəz beynəlxalq konfranslar, seminarlar və müsabiqələr də keçirir. Ərəb dilində şeir müsabiqələri, natiqlik yarışları və esse müsabiqələri ölkəmizdəki bütün ərəbdilli gəncləri əhatə edir.

“Ötən müddət ərzində Ərəbşünaslıq mərkəzi tələbələrin dil biliklərini zənginləşdirmək məqsədilə 12 tələbənin Səudiyyə Ərəbistanında təhsil almasını təmin etmişdir. Eyni zamanda, Azərbaycanın aparıcı ali təhsil müəssisələrində çalışan 15 nəfər ərəb dili üzrə mütəxəssis üçün Səudiyyə Ərəbistanında, 46 nəfər üçün isə Azərbaycanda təlimlər təşkil olunmuşdur. Hər il Mərkəzin ərəb dili kurslarında iştirak edən və müxtəlif ali məktəblərdə təhsil alan 20 tələbənin təhsil haqqı Mərkəz tərəfindən qarşılanır. 2025-ci ildə “Ərəb Dili Ayı” çərçivəsində silsilə tədbirlər keçirilmiş, ərəb dili tədrisi ilə bağlı görüşlər təşkil olunmuşdur. Universitetin “Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri)” və “Tərcümə (ərəb dili)” ixtisasları da Mərkəzin dəstəyi ilə peşəkar kadrlar hazırlayır.”

Görüşdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında mədəni və elmi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş katibi, professor Abdullah bin Saleh əl-Vaşmi isə ərəb dilinin beynəlxalq müstəvidə təbliği və yayılması istiqamətində görülən işlərdən danışaraq Bakı Avrasiya Universitetində yaradılmış mühiti yüksək qiymətləndirib.

Ərəbşünaslıq mərkəzinin direktoru Ülviyyə Hüseynova çıxışında bildirib ki, mərkəz ərəb dilinin tədrisinin gücləndirilməsi, tələbələrin praktik biliklərlə təmin olunması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fəal fəaliyyət göstərir.

Daha sonra Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov ərəb ölkələrinin geosiyasi və iqtisadi əhəmiyyətindən danışaraq vurğulayıb ki, tələbələr bu bölgə ilə bağlı analitik yanaşma formalaşdırmaq üçün güclü nəzəri hazırlığa və dil biliklərinə yiyələnməlidirlər.

Tədbirin sonunda iştirakçılar universitetin Ərəbşünaslıq mərkəzində yaradılmış şəraitlə tanış olub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və akademik əməkdaşlığın inkişafı barədə müzakirələr aparıblar.

Digər Xəbərlər