Xəbərlər

Bakı Avrasiya Universitetində Kitabxana və informasiya mərkəzi açıldı

Bakı Avrasiya Universitetində Kitabxana və informasiya mərkəzi açıldı
  • 13 Apr 2023

Artıq Bakı Avrasiya Universitetinin tələbələri yeni təmirdən çıxmış Kitabxana və İnformasiya Mərkəzindən və müasir standartlara cavab verən Kompüter Mərkəzindən  istifadə edə biləcəklər.

Universitetin rektoru Nazim Hüseynli, elmi işlər üzrə prorektor Gülzar İbrahimova, Yunus Emre İnstitutunun (Bakı) müdiri Selçuk Karakılıç, Nərimanov RİH başçısının müavini İradə Mahmudova, millət vəkili Aydın Mirzəzadə və digər şəxslərin iştirakı ilə mərkəzin açılışı olub.

Rektora və qonaqlara mərkəzdə yaradılan şərait, kitab fondu, elektron kitabxana bazası ilə bağlı məlumat verilib.  

Tədbirdə bildirilib ki, bundan əvvəl universitetinin kitabxanası olsa da, yeni mərkəz əvvəlkindən həcminə və innovativ yeniliklərinə görə fərqlənir. Elm və Təhsil Nazirliyinin ötən ilin sentyabr ayında olan kollegiya qərarına əsasən, Azərbaycanda universitetlərin akkreditasiya meyarlarının müəyyən olunmasında kitabxanaların infrastrukturunun yenilənməsi də indikator kimi yer alıb. Ona görə də universitet həmin meyarları ödəyən və müasir tələblərə cavab verən kitabxana mərkəzinin yaradılmasını qarşısına məqsəd kimi qoyub. 

Prorektor G. İbrahimova bildirib ki, kitabxanada hazırda 37 min ədəd kağız formatda olan kitab var. Həmçinin bazada elektron kitabların sayı da kifayət qədərdir: “Universitetimizin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin  Yakın  Doğu Universiteti ilə mövcud müqaviləsi əsasında kitabxanamız həmin universitetin imkanlarından istifadə etməklə 400 min adda elmi kitablara çıxış imkanı var. Həmçinin tələbələrimiz M. F. Axundov kitabxanası ilə müqavilə əsasında onun bazasına çıxış əldə edə bilirlər. Nadir nüsxələrimiz də var ki, onlar xüsusi mühafizə olunur. Elektron-informasiya otağımızda çoxsaylı yaddaşları yüksək olan kompüterlərimiz var. Kitabxananın özündə isə əlavə xüsusi yerlər qoyulub və tələbələr öz şəxsi noutbuklarını gətirərək sistemə qoşula bilirlər. İstənilən materialı götürüb onlayn göndərə və çap edə bilərlər. Universitetin daimi və sürətli internetlə təmin olunur”. 

Tədbirdə bildirilib ki, kitabxanaya hər il yeni tələblərə uyğun  dərsliklər alınır: “Burada dünyagörüşü formalaşdırmaq üçün bədii kitablara da yer verilir. Həmçinin dövlətçiliklə bağlı, universitetə hədiyyə olunan kitablar da var ki, bunlar xüsusi bölmədə saxlanılır. Siyasət, dövlətçilik ənələləri və sırf dərslərlə bağlı kitablar ayrı-ayrı fondlarda yerləşdirilib. 

Hər il qarşımızda olan prioritet məsələ kitabxana fondunu zənginləşdirməkdir. Həmçinin hədəflərimizdən biri arxivlərə - Sankt-Peterburq arxivinə çıxış əldə etməkdir. Azərbaycanın keçmiş tarixi ilə bağlı kitablara çıxış əldə etmək bizim üçün çox vacibdir”. 

Millət vəkili Aydın Mirzəzadə də buradakı zəngin kitabxananın tələbələrə böyük töhfə verəcəyini vurğulayıb: “Universitetdə bir neçə xarici dil tədris olunur, xaricdən tələbələr gəlib burada təhsil alırlar. Çox zəngin kitabxananız var. Minlərlə tələbələrin iştirakı ilə konfranslarınız olur. İstənilən ölkənin universiteti həmin ölkənin potensialının göstəricisidir. Çox yaxşı ki, bizim dövlət universitetlərimiz ilə yanaşı güclü, öz ayağı üstdə duran, formalaşmış özəl universitetlərimiz də var”. 

Qeyd edək ki, Bakı Avrasiya Universitetinin kitabxanası 1992-ildən fəaliyyət göstərir. Kitabxana və informasiya Mərkəzi əsaslı kitabxanadan, elektron kitabxana və qiraət zalından ibarətdir. Mərkəz kompüter və internet şəbəkə ilə təchiz olunub, dərs vəsaitlərinin elektron versiyalarının lokal şəbəkədə istifadəsi təmin edilib. Universitetin əsaslı kitabxanası qiraət zallarını fonda daxil olan bütün ədəbiyyatlarla və gündəlik gələn dövri mətbuatla təmin edir. 

Digər Xəbərlər