- 10 Jul 2024
Universitetin 28-ci Məzun Günündə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məzunları təbrik edən BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova onlara gələcək işlərində uğurlar arzulayıb. Prorektor qeyd edib ki, universitetdə əldə etdikləri bilik və bacarıqlarla bu günün məzunları gələcəyin yüksəkixtisaslı mütəxəssisləri, dövlətin layiqli kadrlarıdır.
Daha sonra BAAU-nun Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov çıxış edərək məzunları təbrik ediblər. Bildiriblər ki, Bakı Avrasiya Universiteti müasir tələblərə cavab verən tələbələr yetişdirə bilib. Elə bunun nəticəsidir ki, ali məktəbin bəzi tələbələri hələ universiteti bitirmədən işlə təmin olunurlar.
Məzun Gününə xüsusi hazırlaşan tələbələr yeni həyata qədəm qoymaları və universitetdə qazandıqları bilik və bacarıqları tətbiq etmək üçün sevincli olduqlarını qeyd ediblər.
Tədbirdə təhsildə və ictimai fəaliyyətdə fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.
Məzun Günü konsert proqramı ilə davam edib.