- 06 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Tarixə yazılan qürur” adlı dəyirmi masa keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva açılış nitqi ilə çıxış edib. O, Azərbaycan xalqının 8 Noyabr Zəfəri ilə tarixdə misilsiz qəhrəmanlıq salnaməsi yazdığını qeyd edərək bildirib ki, bu qələbə dövlətimizin siyasi, hərbi və milli gücünün təcəssümüdür. Sevda Rzayeva vurğulayıb ki, Zəfər Günü həm milli birliyimizin rəmzidir, həm də gənc nəslin Vətən sevgisi və dövlətçilik ruhunda formalaşması üçün mühüm mənəvi dayaqdır.
Ardınca Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova çıxış edərək “Zəfər günü kimliyimizin və iradəmizin simvolu” mövzusunda məruzə ilə çıxış edib. O, Zəfərin yalnız hərbi qələbə deyil, həm də xalqımızın sarsılmaz ruhunun və azadlıq iradəsinin təntənəsi olduğunu qeyd edib. Sevil Bəhrəmova bildirib ki, bu gün hər bir azərbaycanlı üçün Zəfər Günü milli qürur və tarixi ədalətin bərpası günüdür.
Sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə “Zəfər – Bir Millətin Qüruru”, Ümumi fənlər kafedrasının baş müəllimi Məleykə Adıgözəlova “Milli yaddaşda Zəfər ruhu”, Sosial və siyasi fənlər kafedrasının müəllimləri Yolyçiyev Emin “Otuzillik diplomatiyanın mütləq Zəfər sevinci”, Tamrazova Ulduz “Tarixi Zəfərə gedən yol” və Bayramzadə Nəzrin “Sosial məsuliyyət və qəhrəmanlıq ruhunun kəsişdiyi gün” mövzularında çıxış ediblər.
Ümumi fənlər kafedrasının müəllimi Ayşən Mustafazadə “Hər şəhidin adı bizimlədir: 8 noyabr – Qürur və Həsrətin Dərsi” adlı çıxışı ilə şəhidlərin qəhrəmanlığını xatırladıb.
Tədbirdə BAAU-nun İnformasiya texnologiyaları ixtisası üzrə I kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Fazil Novruzov “Qarabağ Zəfəri – Azərbaycan gəncliyinin qürur mənbəyi” mövzusunda çıxış edib.
Sonda turizm ixtisası üzrə I kurs tələbəsi Üfüq Kərimli “Sənə Zəfər yaraşır” adlı şeirini səsləndirib.
Dəyirmi masa Azərbaycan xalqının qəhrəmanlığına, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizəyə, eləcə də Zəfər Gününün milli həmrəylik və qürur mənbəyi kimi əhəmiyyətinə həsr olunub.




