- 25 May 2024
Bakı Avrasiya Universitetində Yunus Əmrə İnstitutunun dəstəyi və təşkilatçılığı ilə Türkiyə həftəsi çərçivəsində Türkiyə günləri keçirilib. Türkiyə günlərinin birinci günü universitetin Filologiya, Regionşünaslıq və İqtisadiyyat fakültələrinin tələbələrindən və magistrantlarından ibarət 13 komanda arasında bilik yarışması (Breyn rinq) keçirilib. Yarışmanı Yunus Əmrə İnstitutunun əməkdaşı Hüseyn Musayev aparılıb. İlk üç yer uğrunda mübarizənin sonunda qaliblər elan olunub.
Tədbirin ikinci günü də öz rəngarənliyi ilə yadda qalıb. Türkiyənin tarixi və mədəni abidələrini, elmi-texniki tərəqqisini özündə əks etdirən foto-sərgi, türk mətbəxinin bir-birindən ləziz təamları, türk mədəniyyətinin ayrılmaz parçası olan Ebru sənəti, türk milli rəqsi təqdim edilib. Şeir və musiqi yarışmalarında BAAU-nun tələbələri öz istedadlarını nümayiş etdiriblər. Türkiyə günlərinin sonunda Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç və universitet rəhbərliyi qaliblərə Yunus Əmrə İnstitutunun mükafatlarını təqdim ediblər.