Xəbərlər

Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir

Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI  Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir
  • 11 Jun 2024

İyunun 11-də  BAAU-nun ev sahibliyi ilə  XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılışı olub. Tədbir Bakı Avrasiya Universiteti, Türkiyənin Niğde Ömer Halisdemir Universiteti və Qazax Qızlar Milli Pedaqoji Universitetinin  birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli tədbir iştirakçılarını salamlayaraq, əsas mövzusu “Türk Dünyasının 2040-cı il üçün hədəfləri və Türk Dövlətləri Təşkilatı” olaraq müəyyən ediən simpoziumun işinə uğurlar arzulayıb.  Rekror, professor Nazim Hüseynli bildirib ki, Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun məqsədi türk dünyası alimlərini, ziyalılarını bir yerə toplamaqla dil, ədəbiyyat, tarix, fəlsəfə, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, beynəlxalq əlaqələr və digər sahələrdə aktual məsələlərin müzakirəsi, yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması, ortaq layihələrin hazırlanmasıdır. Ənənəvi olaraq açılış mərasimində keçirilən “Kökümüz bir, türkük” festivalı tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının  əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.

Türkiyə Respublikası Ölçmə, Seçmə və Yerləştirmə Mərkəzinin  rəhbəri  professor  Bayram Ali Ersoy qeyd edib ki, türkdilli ölkələr arasında əməkdaşlıq və həmrəyliyin əsasını təşkil edən ortaq tarixi dəyərlərin, mədəni irsin və dilin qorunması, gələcək nəsillərə çatdırılması vacibdir. Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu türkdilli ölkələr arasında münasibətlərin genişləndirilməsi və gücləndirilməsi baxımından mühüm hadisədir.

Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Niğde Ömer Halisdemir Universitetinin  rektoru, prof. Dr. Hasan Uslu, Qazax Qızlar Milli Pedaqoji Universitetinin prorektoru Dr. Zakir Jumakulov, Milli Məclisinin deputatı, professor Elşad Mirbəşiroğlu çıxış edərək  Türk dünyasının potensialından, türk dilli dövlətlərin uğurlu dialoq mühitindən danışıblar. Simpoziumun türk xalqlarının əlaqələrində yeni yanaşmalara, ortaq tədqiqatlara, qarşılıqlı inteqrasiyaya təkan verəcəyini diqqətə çatdırıblar.

Daha sonra açılış mərasimində türkdilli ölkələrin universitet nümayəndələrinin təqdimatında türk xalqlarının tarix və mədəniyyətini əks etdirən “Kökümüz bir, türkük” festivalı keçirilib. 

İyunun 13-dək davam edəcək simpoziumun panel sessiyalarında türk dünyasını maraqlandıran mövzular üzrə məruzələr və elmi araşdırmaların perspektivlərinə dair müzakirələr aparılacaq.

Digər Xəbərlər