- 08 Feb 2024
07 Fevral 2024-cü il tarixində Azərbaycanın bütün əraziləri üzrə ilk dəfə olaraq növbədənkənar Prezident seçkiləri keçirilib. Bu seçkilərin qanunauyğunluğunu, şəffaflığını müşahidə etmək məqsədilə bir çox seçki məntəqələrində müşahidəçi qismində tələbə gənclərimiz də iştirak ediblər. Tələbə gənclər, demək olar ki, Azərbaycanın bütün əraziləri üzrə öz müşahidələrini aparıblar. İşğaldan azad edilmiş ərazilərimizdə də müşahidəçilərimiz öz vəzifə öhdəliklərini tam şəkildə yerinə yetiriblər.
Belə ki, Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü Fidan Əzizova və Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Hünər Alxanov Şuşa, Xankəndi və Hadrutda müşahidəçi qismində seçkilərə nəzarət ediblər. Fidan Əzizova və Hünər Alxanov Şuşa şəhərində yerləşən 105 saylı, Xankəndi şəhərində yerləşən 122 saylı və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən 108 saylı seçki məntəqələrində öz müşahidələrini uğurla aparıb və seçkinin şəffaflığına nəzarət ediblər. Qeyd etmək lazımdır ki, qalib ölkənin qalib xalqı olaraq Azərbaycan vətəndaşları seçkilərdə yüksək fəallıq göstərib.