- 29 Feb 2024
Bakı Avrasiya Universitetinin təşkilatçılığı və dəstəyi ilə “Ədibin evi”ndə Azərbaycanın görkəmli ədibi, ədəbiyyatşünas alimi, pedaqoqu Mir Cəlal Paşayevin qələmə aldığı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına, irsinə həsr etdiyi “Füzuli sənətkarlığı” adlı kitabının nəfis tərtibatlı yeni nəşrinin müzakirəsi keçirilib
28 fevral 2024-cü il tarixində İçəri Şəhərdə yerləşən “Ədibin evi”ndə “Füzuli ili” çərçivəsində Bakı Avrasiya Universitetinin professor-müəllim və tələbə heyəti ilə birlikdə XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının müzakirəsi keçirilib. Qonaqlar əvvəlcə professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Bakı görüşləri” adlı sənədli filmi izləyib, sonra isə adı çəkilən kitabın müzakirəsinə keçiblər. Qeyd edək ki, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı ilk dəfə 1958-ci ildə işıq üzü görsə də, Füzulişünaslıqda böyük bir hadisə olmuş və öz elmi əhəmiyyətini bu günə qədər qorumaqdadır. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığında bu kitabla Füzuli irsinin öyrənilməsində poetika məktəbinin əsasını qoyubdur. Müzakirəni Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Tərlan Quliyev açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzulinin 530 illiyi ilə bağlı sərəncamından bəhs edib, daha sonra Füzulinin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən geniş bəhs edib. Professor Tərlan Quliyev öz çıxışında Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının Füzuli haqqında müasir elmi-metodologiya ilə yazılan ilk monoqrafiya olduğunu da vurğulayıb. Daha sonra tədbirdə iştirak edən Bakı Avrasiya Universitetinin professor-müəllim heyətindən filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, filologiya üzrə elmləri doktoru, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç, filologiya üzrə fəlsəfə doktoru dosent Seyfəddin Altaylı, filologiya üzrə fəlsəfə doktoru dosent Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru dosent Xatirə Yusifova, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Zəminə Rüstəmbəyli, Bakı Avrasiya Universiteti elmi kitabxanasının müdiri Sima Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Əfsanə Nağıyeva çıxış edərək Füzuli yaradıcılığı və professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı haqqında, kitabın müəllifi, redaktoru, ön söz müəllifləri haqqında bir-birindən maraqlı mülahizələrini iştirakçılarla paylaşıblar. Onlar öz çıxışlarında Mir Cəlal Paşayevin həyat və yaradıcılığına qiymət verən zaman onun yüksək yazıçılıq istedadına və yüksək keyfiyyətə malik şəxsiyyət olduğuna dair fikirlər səsləndiriblər. Daha sonra çıxışçılar “Füzuli sənətkarlığı” kitabını müxtəlif yönlərdən təhlil edərək onun elmi dəyərini yüksək qiymətləndirib, bu kitabın yüksək intellektlə, Füzuli irsinə dərin bələdçiliklə və eyni zamanda əsl pedaqoq mövqeyindən yazıldığını bildiriblər. Tədbirdə iştirak edən tələbələr bu görüşdən razı qalaraq professor-müəllim heyətinə onları maraqlandıran suallar ünvanlayıblar. Görüşün sonunda “Ədibin evi”nin əməkdaşlarının bələdçiliyi ilə məkan ziyarət edilib. Tədbir çox gözəl təəssüratlarla sona çatıb.