Xəbərlər

“EduHack 2025: Innovating the Future of Learning” hakatonunun qalibləri bəlli olub

“EduHack 2025: Innovating the Future of Learning” hakatonunun qalibləri bəlli olub
  • 21 Apr 2025

Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universiteti (TAU) birgə təşkilatçılığı ilə keçirilən "EduHack 2025: Innovating the Future of Learning" hakatonunun ikinci günü 20.04.2025-ci il tarixində BAAU-nun konfrans zalında uğurla başa çatıb.
Hakatonun ikinci günündə iştirakçı komandalar təhsil istiqamətində təqdim edilmiş məsələlərə uyğun innovativ həlləri ilə BAAU, NOHU, Bakı Ali Neft Məktəbi (BANM) və Türkiyə-Azərbaycan Universitetindən (TAU) olan münsiflərin qarşısında təqdimatla çıxışlar ediblər. Qiymətləndirmə innovativlik, texniki mürəkkəblik və həll yolunun praktiki tətbiqi üzrə 3 əsas istiqamət üzrə aparılıb.
Təqdimatların ardından mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılış nitqini BAAU-nun rektoru dos. Səyavuş Qasımov edib. O, hakatonun təşkilatçılığında tərəfdaşlıq edənlərə, iştirakçılara və dəstək göstərənlərə təşəkkürünü bildirib. Tələbələrin təhsildə innovativ həllər yönündə təqdim etdikləri layihələrin əhəmiyyətli olduğunu diqqətə çatdıran rektor onlara uğurlar arzulayıb.
BAAU və digər tərəfdaşlarla ortaq hakatonun təşkilatçılığında iştirak etməkdən məmnunluğunu bildirən NOHU-nun rektoru, prof. Dr. Hasan Uslu tələbələr tərəfindən yenilikçi yanaşma və həllərin təklif edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib.
TAU-nun prorektoru, prof. Dr. Mehmet Şimşir çıxışında iki qardaş ölkənin nümayəndələrinin təhsilin inkişafı yönündə innovativ həllərin təqdim edildiyi hakatonda bir araya gəlməsini önəmli olduğunu diqqətə çatdırıb. O, bu cür tədbirlərin həm Azərbaycan, həm də Türkiyə arasında təhsil sahəsindəki əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bildirib.
ATGTİ-nin sədri Rəşad Zeynalov tələbələrin öz səriştə və bacarıqlarını nümayiş etdirmək üçün təşkil edilmiş hakatonda təşkilatçılardan biri olmarından məmnunluqlarını ifadə edib, belə tədbirlərin gənclər üçün böyük bir fürsət olduğunu vurğulayıb. O, iştirakçıları yenilikçi düşünməyə və təhsil sahəsindəki problemləri həll etməyə təşviq edərək uğurlar arzulayıb.
Sonra, qaliblər elan edilib. Münsiflərin qiymətləndirməsinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Deepsense" komandası I yerin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "AltF4" komandası II yerin və Bakı Mühəndislik Universitetinin (BMU) "RQTECH" komandası III yerin qalibi olub.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılar ilə xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, BAAU-nun evsahibliyi ilə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonunda ümumilikdə 9 universitetdən 12 komanda mübarizə aparıb.

Digər Xəbərlər