Xəbərlər

Əlişir Nəvai və Məhəmməd Füzuli: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda müzakirə aparılıb

Əlişir Nəvai və Məhəmməd Füzuli: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda müzakirə aparılıb
  • 19 Apr 2024

17 aprel 2024-cü il tarixində Bakı Avrasiya Universitetində Özbəkistan Respublikasının müxtəlif ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından gələn əməkdaşları ilə birlikdə dəyirmi masa keçirilib. BAAU-nun professor-müəllim heyəti və tələbələri də iştirak edən dəyirmi masada “Əlişir Nəvai və Məhəmməd Füzuli: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda müzakirə aparılıb.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, fil.e.d., prof. Elmira Məmmədova-Kekeç tədbiri giriş sözü ilə açaraq qonaqları salamladıqdan sonra Bakı Avarasiya Universitetinin professor-müəllim heyətini qonaqlara təqdim edib. Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan, Türkmənistan, Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri fil.e.d., dos. Almas Binnətova Özbəkistanlı alimlərdən ibarət nümayəndə heyətini  BAAU-nun nümayəndə heyətinə təqdim edib. Qarşılıqlı tanışlıqdan sonra prof. Elmira Məmmədova-Kekeç universitet haqqında qonaqlara məlumat verib. BAAU-da özbək ədəbiyyatının tanınması və tədrisi yönündəki işlərdən bəhs edib.

BAAU-nun elmi işlər üzrə prorektoru, s.e.d., prof. Gülzar İbrahimova Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri barəsində, professor Tərlan Quliyev isə özbək ədəbiyyatının Azərbaycanda tanıdılması, nəşri yönündə gördüyü işlərdən geniş bəhs ediblər. Prof. Tərlan Quliyev Ə.Nəvainin Azərbaycan dilinə çevirdiyi “Mizanül övzan” əsərini qonaqlara təqdim edib. Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsərinin redaktəsində gördüyü işləri vurğulayaraq Mahmud Zəməxşərinin “Müqəddimətül-ədəb” adlı sözlüyündən türk sözlərini çapa hazırladığını qeyd edib.

Füzulişünas alim fil.ü.f.d., dos. Xatirə Yusifova Nəvai və Füzuli əlyazmalarının oxunulması və tədqiq olunması barədə geniş məruzə edib. Nəsimişünas alim, fil.ü.f.d., prof. Səadət Şıxıyeva Nəvai sənətinin qüdrətindən bəhs edərək Cığatay türkcəsinin də önəmindən, Füzuli yaradıcılığında dahi özbək şairinin izlərindən tədbir iştirakçılarına məlumat verib.

Özbəkistanlı alim, prof. Nurbay Cabbarov çıxışında Əlişir Nəvai və Füzuli yaradıcılığının ortaq xüsusiyyətlərini vurğulayıb. Ürgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı, fil.e.d., prof. Dilşad Qayıbov Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin zəruri məqamlarını qeyd etməklə yanaşı, gələcəkdə görüləcək işlərlə bağlı məlumat verib.

Daha sonra söz alan qonaqlar Nəvai və Füzuli irsinin Özbəkistanda öyrənilməsindən və araşdırılmasından, ədəbiyyatşünaslıqda hər iki sənətkarın yerindən bəhs edərək gələcəkdə görüləcək işlər barəsində də danışıblar.

Digər Xəbərlər