- 30 Jan 2026
Bakı Avrasiya Universitetində (BAAU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq bir sıra mühüm məsələlər üzrə hesabatlar dinlənilib və geniş müzakirələr aparılıb.
İclası universitetin rektoru, Elmi Şuranın sədri, dosent Səyavuş Qasımov açaraq gündəlikdə duran məsələlərin ali təhsil müəssisəsinin inkişaf strategiyası, tədris prosesinin keyfiyyəti və tələbə mühitinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İlk olaraq 2025-ci təqvim ili üzrə elmi fəaliyyətin yekunları və qarşıda duran vəzifələr barədə məruzə təqdim olunub. Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova universitetdə aparılan elmi-tədqiqat işlərinin nəticələri, əldə edilmiş nailiyyətlər və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.
Daha sonra 2025/2026-cı tədris ilinin I yarısında tədris prosesinin təşkili və həyata keçirilmə vəziyyəti müzakirə edilib. Tədrisin təşkili departamentinin rəhbəri, fil.ü.f.d. Natella Quliyeva tədris keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər, tətbiq olunan yeniliklər və mövcud vəziyyət barədə hesabatla çıxış edib.
Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş strategiyaların, strateji yol xəritələrinin, konsepsiyaların, dövlət proqramlarının və fəaliyyət planlarının icrası ilə bağlı 2025-ci il ərzində görülmüş işlərə dair hesabat olub. Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov bu istiqamətdə həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib.
İclas çərçivəsində doktorant və dissertantların illik attestasiyasının nəticələri də müzakirə olunub. Elmi işlər üzrə prorektor professor Gülzar İbrahimova elmi kadr hazırlığı sahəsində mövcud vəziyyət və attestasiya nəticələri barədə məlumat təqdim edib. Sözügedən iclas zamanı akademik göstəricilərlə bağlı bir məsələ də müzakirə olunub. Qeyd edilib ki, imtahan sessiyasının nəticələrinə əsasən fənn üzrə yekun qiyməti keçid balından cəmi bir bal aşağı olan tələbələrin müraciətlərinə baxılıb. Müzakirələr zamanı həmin tələbələrin ümumi akademik göstəriciləri, dərsə davamiyyəti və tədris prosesində fəallığı nəzərə alınaraq məsələyə fərdi yanaşmanın təmin edilməsinin məqsədəuyğun olduğu vurğulanıb. Elmi Şura tərəfindən humanist prinsiplər əsas götürülməklə sözügedən kateqoriyaya aid tələbələrin nəticələrinin müsbət qiymətləndirilməsi barədə müvafiq qərar qəbul edilib və qərarın icrası üçün aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.
Sonda 2025/2026-cı tədris ilinin I yarısı üzrə Elmi Şuranın fəaliyyətinin yekunları və qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat dinlənilib. Elmi katib, fil.ü.e.d., dosent Elmira Məmmədova-Kekeç görülmüş işlər və təşkilati məsələlər barədə məlumat verib.
Müzakirələrin yekununda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və qarşıdakı dövr üçün əsas prioritet istiqamətlər müəyyənləşdirilib.




