- 28 Jan 2026
Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Enerji və iqlim dəyişikliyi” mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Prof. Dr. Cem Işıkın açılış nitqi ilə başlayıb. Açılışda Sevda Rzayeva tədbirin məqsədini, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, həmçinin Azərbaycanda COP29, alternativ enerji və bu sahədə görülən işlər barədə iştirakçılara qısa məlumat verib.
Prof. Dr. Cem Işık çıxışında iqlim dəyişikliyinin enerji istehsalı və istehlakı ilə birbaşa əlaqəsini, qlobal istiləşmənin iqtisadi, sosial və ekoloji təsirlərini geniş şəkildə şərh edib. O, fosil yanacaqlara əsaslanan enerji sistemlərinin istixana qazı emissiyalarının əsas mənbəyi olduğunu, bunun isə buzlaqların əriməsi, ekstremal hava hadisələri, ekosistemlərin məhv olması, iqtisadi itkilər və iqlim miqrasiyası kimi ciddi fəsadlara yol açdığını qeyd edib.
Çıxışlarda vurğulanıb ki, iqlim böhranı ilə mübarizənin əsas istiqamətləri bərpa olunan enerjiyə keçid, enerji transformasiyası, enerji səmərəliliyinin artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Vebinar iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə elmi biliklərin, qlobal əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.




