- 19 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru, Startap və innovasiya layihələrinin həyata keçirilməsi məqsədilə universitetin professor-müəllim heyətindən formalaşdırılmış mentor qrupu ilə birgə “Google Meet” platforması üzərindən növbəti onlayn iclas keçirilib.
İclası BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun müdiri, h.ü.f.d. Vüsalə Həsənova təşkil edib. O, bildirib ki, 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və memarlıq ili” elan edilməsini nəzərə alaraq hazırlanmış və cari ildə keçirilməsi planlaşdırılmış “GreenCity Hackathon” adlı yarışın məqsədi, qarşıda duran vəzifələr, tərəfdaşların və maraqlı tərəflərin cəlb edilməsi, həmçinin təşkilati hazırlıq işləri haqqında iştirakçılara ətraflı məlumat verib. Vüsalə Həsənova, çıxışında əlavə edib ki, sözügedən yarış tələbə və gəncləri bir araya gətirəcək real şəhər problemlərinə praktiki, innovativ və tətbiq oluna bilən həllərin hazırlanmasını təşviq etməyi hədəfləyir.
İclasda iştirak edən BAAU-nun mentor qrupunun üzvləri startap əsaslı layihələrin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) nəzərə almaqla hazırlanması tələbinin qoyulması, ideyaların innovativ biznes modelinə çevrilməsi və gələcəkdə həmin sahədə yeni biznes təşəbbüslərinin formalaşdırılması imkanları barədə də müzakirələr aparılıb.
İclasın yekununda bir çox məsələ və təşkilati-hazırlıq mərhələləri müəyyənləşdirilib, potensial tərəfdaşlar, həm daxili, həm də xarici maraqlı tərəflərlə görüşlərin təşkili planlaşdırılıb, həmçinin bəzi tərəfdaşlarla əməkdaşlıq müqavilələrin imzalanması ilə cari yarışın yüksək səviyyədə təşkili ilə yanaşı gələcəkdə yeni proqramların və layihələrin birgə hazırlanması kimi imkanlar da nəzərdən keçirilib.
Qeyd edək ki, BAAU-da innovasiya ekosisteminin gücləndirilməsi, tələbələrin sahibkarlıq və startap bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər universitetin strateji prioritetləri sırasında xüsusi yer tutur.




