- 02 Jan 2024
İlk dəfə səs verəcək gənclər üçün seminarlar daha 3 ali təhsil müəssisəsində təşkil olunub
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK)dəstəyi ilə 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar daha 3 ali təhsil müəssisəsində keçirilib.
Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Avrasiya Universitetində 28 dekabr 2023-cü il tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik 900-dən çox tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıransuallar cavablandırılıb.
Qeyd edək ki, bundan öncə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı və Azərbaycan Kooperasiya Universitetində keçirilən maarifləndirici seminarlar silsilə xarakteri daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.