- 14 Dec 2023
Bakı Avrasiya Universitetində “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müəllimləri Çimnaz İsmayılbəyli, Əfsanə Muradlı və Naib Niftəliyevin təşkilatçılığı altında “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin Gender Əsaslı Zorakılıqla Mübarizə və 10 dekabr İnsan Hüquqları Günü çərçivəsində “Növbəti mənəm?” adlı tədbir keçirilib.
Tədbirdə “Sosial iş” ixtisasının II və IV kurs tələbələri uşaq nigahları, gender əsaslı zorakılıq problemlərinə, ailədaxili məişət zorakılığına və onun mənəvi-əxlaqi, sosial, psixoloji və hüquqi nəticələrinə dair maraqlı səhnəciklər, videoroliklər təqdim ediblər. Erkən nigahın törətdiyi fəsadların, onun qurbanına yaşatdığı mənəvi-psixoloji sarsıntıların cəmiyyət üçün təhlükələri göstərilib.
Tədbirdə inklüziv təhsil mütəxəssisi, psixoloq Jalə Mirsaab, psixo-pedaqoq Mənsurə Qəhrəmanova, Yuvenal Ədliyyə Mərkəzinin və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial işçisi Elçin Abdullayev də iştirak ediblər. Natiqlər tələbələrin belə bir aktual mövzuda təşkil etdikləri tədbiri alqışladıqlarını, müzakirəyə təqdim olunan problemlərin psixosoial və hüquqi aspektləri haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri A.Rüstəmova iştirakçı tələbələrə sertifikatlar təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.