Xəbərlər

Özbəkistan Milli Universitetinin professoru BAAU tələbələrinə mühazirə deyib

Özbəkistan Milli Universitetinin professoru BAAU tələbələrinə mühazirə deyib
  • 06 Dec 2024

Dekabrın 6-da Bakı Avrasiya Universitetində (BAAU) Mirzə Ulugbək adına Özbəkistan Milli Universitetinin (The National University of Uzbekistan named after Mirzo Ulugbek (NUUz) professoru İbroximali Normatovun mühazirəsi keçirilib. Universitetin konfrans zalında keçirilən mühazirədə BAAU-nun bir qrup əməkdaşı və tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BAAU-nun rektor köməkçisi Arif Nəcimov professor İbroximali Normatovun informasiya təhlükəsizliyi sahəsində tanınmış alim olduğunu və onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin professor Normatovun elmi işlərinin müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra, prof. İ.Normatov "Diskret modellərin obyektlərin axtarışı və tanınması məsələlərində tətbiqi" mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində obyektlərin tanınması üçün testlərin və etalon cədvəllərin axtarışı, binar cədvəllərin minimal örtüklərinin tapılması kimi məsələlərə toxunub. Həmçinin, etalon cədvəllərin qeyri-tam müəyyən olunmuş məntiqi funksiyalar kimi nəzərdən keçirilməsi və onların optimal davamlılığının qurulması üsullarını izah edib. Professor tanınma operatorlarının xətti kombinasiyalarının müxtəlif variantlarının işlənib hazırlandığını və onların mürəkkəblik dərəcəsinin qiymətləndirildiyini də bildirib.
Tələbələr tərəfindən maraqla qarşılanan mühazirədə suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

Digər Xəbərlər