Xəbərlər

“Qlobal istiləşmə və iqlim dəyişikliyi” mövzusunda Respublika konfransı keçirilib

“Qlobal istiləşmə və iqlim dəyişikliyi” mövzusunda Respublika konfransı keçirilib
  • 29 Feb 2024

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bütün bu göstəricilər həm də, BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində həyata keçirilən uğurlu işlərin göstəricisidir. BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ili Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

XX əsrdən başlayaraq ekoloji problemlərin artması və  ciddi iqlim dəyişmələri iqtisadi sahənin mütəxəssislərini də düşündürür. Buna görə də,  sərəncamdan irəli gələn bir vəzifə kimi 29 fevral 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin Biznes və menecment” kafedrasının təşkilatçılığı ilə “Qlobal istiləşmə və iqlim dəyişikliyi”  mövzusunda Respublika konfransı keçirilib.

Konfransın açılış mərasimində universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru  dosent Səyavuş Qasımov, Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Şəbnəm Əsədova, Bakı Avrasiya Universitetinin Biznes və menecment kafedrasının müdiri dosent Mətanət Qurbanova, İqtisadiyyat kafedrasının müdiri i.ü.f.d. İlhamə Aslanova bir-birindən maraqlı çıxışlar ediblər və konfransın işinə uğurlar arzulayıblar.

Konfrans proqramına əsasən, açılış mərasiminin ardından bölmələr üzrə iclaslar keçirilib və hər bölmə iclasının sonunda məruzəçilər sertifikatlarla təltif ediliblər. Konfrans öz işini uğurla yekunlaşdırıb.

Digər Xəbərlər