- 06 Mar 2024
06 mart 2024-cü il tarixində Bakı Avrasiya Universitetində Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbə və müəllim mobilliyi layihələri haqqında məlumat verib. O bildirib ki, son dövrlər BAAU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığına dair müqavilələr, ikili diplom proqramları imzalayır. Universitetin “Mövlanə”, “Erasmus+” layihələrində fəal iştirak etdiyini bildirən Səyavuş Qasımov ikili əməkdaşlıq çərçivəsində də müəllim və tələbələrin mübadiləsinin həyata keçirildiyini deyib.
BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova universitetin elmi fəaliyyəti və tədqiqat mərkəzləri haqqında bəhs edib, beynəlxalq və respublika səviyyəsində keçirilən konfranslar barədə məlumat verib. G.İbrahimova, eyni zamanda, Səudiyyə Ərəbistanı universitetləri ilə əməkdaşlıq çərçivəsində BAAU-nun təkliflərini qonaqların diqqətinə çatdırıb.
Daha sonra beynəlxalq əlaqələr departamentinin layihələrin idarə olunması və akademik mobillik üzrə mütəxəssis Aygül Əhmədova BAAU-nun fəaliyyətini özündə ehtiva edən təqdimatla çıxış edib.
Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin rəhbəri Universitet İşləri Şurasının Baş Katibi Dr. Bassam bin Abdull Albassam səfərin məqsədi barədə məlumat verərək deyib ki, ölkəsinin ali təhsil müəssisələri Azərbaycan universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlıq qurmaqda maraqlıdır. Daha sonra İmam Məhəmməd bin Səud Universitetinin aspirantura və elmi tədqiqatlar üzrə prorektoru Dr. Abullah bin Abdulaziz Altamim, Umm Əl-Qura Universitetinin aspirantura və elmi tədqiqatlar üzrə prorektoru Dr. Fahad bin Ahmad Yahya Alzahrani, Mədinə İslam Universitetinin tədris işləri üzrə prorektoru Dr. Mosallem bin Bakheit Mohammed Alfazi, Şahzadə Nurah bint Əli Əl-Rəhman Universitetinin məsləhətçisi Dr. Ebtesam bin Saleh Alothman, Nazirliyin Beynəlxalq Əməkdaşlıq Agentliyinin müşaviri Ms Nada bint Saleh Alsomael təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat veriblər.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən universitetlərlə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, elmi-tədqiqat sahəsində mübadilə imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. müzakirə edilib.
Rəsmi görüşdən sonra qonaqlar Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının BAAU-da fəaliyyət göstərən “Ərəbşünaslıq Mərkəzi”ndə olublar. “Ərəbşünaslıq Mərkəzi” elmi işlər üzrə direktoru dosent Ülviyyə Hüseynova nümayəndə heyətinə Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.