- 05 Feb 2025
2025-ci il fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Al Vaşminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub.
BAAU rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin uğurları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
BAAU-nun rektoru dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini bildirib. O, Mərkəzin fəaliyyətinin yalnız BAAU ilə məhdudlaşmadığını, geniş və çoxşaxəli istiqamətləri əhatə etdiyini vurğulayaraq, ərəb dilinin öyrədilməsi və təbliği sahəsində görülən işlər barəsində məlumat verib.
Abdulla Al Vaşmi çıxışında Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının dünyada ərəb dilinin təbliği və tədqiqində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda yaradılan Ərəbşünaslıq Mərkəzinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bunun Akademiyanın dünyada ilk filialı olduğunu bildirib. Abdulla Al Vaşmi həmçinin mərkəzin fəaliyyətinin ərəb dili və mədəniyyətinin yayılmasına əvəzolunmaz töhfə verdiyini diqqətə çatdırıb.
Daha sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Ülviyyə Hüseynova mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat zamanı mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi tədbirlər, seminarlar, tələbə mübadilə və təqaüd proqramları, ərəb dili üzrə təlimlər və digər görülən işlər haqqında məlumat verilib.
Ü.Hüseynova çıxışında Ərəbşünaslıq Mərkəzinin yalnız təhsil sahəsində deyil, həm də ərəb mədəniyyəti və ədəbiyyatının Azərbaycanda təbliği baxımından mühüm platforma rolunu oynadığını vurğulayıb. O, indiyədək keçirilən tədbir və layihələrin ərəb dili ilə maraqlanan gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.
Mərkəz rəhbəri diplomatiya, hüquq, iqtisadiyyat və turizm sahələrinə uyğunlaşdırılmış xüsusi ərəb dili kursları tədris ediləcəyini diqqətə çatdıraraq buna uyğun olaraq beynəlxalq əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadilə proqramları genişləndiriləcəyini bildirib. Onlayn kurslar və multimedia materialları hazırlanaraq ərəb dili öyrənmək istəyənlər üçün daha əlçatan imkanlar yaradılacağını bildirən Ü.Hüseynova ərəb mədəniyyətinin Azərbaycanda daha geniş yayılması üçün mədəni tədbirlər və festivallar təşkil ediləcəyini qeyd edib. O əlavə edib ki, ərəb dili üzrə elmi araşdırmaların beynəlxalq nəşrlərdə dərc olunması da dəstəklənəcək. Mərkəz, həmçinin ərəb ölkələrinin elmi və təhsil müəssisələri ilə əməkdaşlığını gücləndirmək üçün yeni təşəbbüslər irəli sürəcək.
Təqdimatdan sonra nümayəndə heyəti və universitet rəhbərliyi Əməkdaş mədəniyyət işçisi, xəttat Yavər Əsədovun əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sərgidə Azərbaycan ziyalılarına və abidələrinə aid xəttatlıq işləri nümayiş etdirilib. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə edilib.