Xəbərlər

Şəxsi inkişaf və rəqəmsallaşma mövzusunda keçirilən forumda BAAU tələbəsi iştirak edib

Şəxsi inkişaf və rəqəmsallaşma mövzusunda keçirilən forumda BAAU tələbəsi iştirak edib
  • 05 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşunaslıq və iqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə II kurs tələbəsi Məlahət İsmayılova Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda forumda iştirak edib.

Forumun açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək tədbirin məqsədi, əhəmiyyəti, eləcə də gənclərin innovativ və rəqəmsal bacarıqlarının inkişafında bu cür platformaların mühüm rolunu vurğulayıblar.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Hamlet Məmmədov, “LTC Lab”ın həmtəsisçisi Əli Xəyyam və “SABAH.fund” vençur kapital fondunun investoru Məsud Alısoy spiker qismində çıxış ediblər.

Panel müzakirəsi zamanı rəqəmsallaşma və innovasiyanın şəxsi və peşəkar inkişafda rolu, müasir çağırışlar və yeni imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Tədbir gənclərin innovasiya və rəqəmsal bacarıqlarının artırılması, eləcə də onların şəxsi və peşəkar inkişaflarının dəstəklənməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

Digər Xəbərlər