- 03 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Prof. Cem Işıkın təşkilatçılığı və moderatorluğu ilə “Səhərsalma və Memarlıq İli” çərçivəsində “Sustainable Development & Art” mövzusunda vebinar keçirilib. Vebinar hər kəsə açıq və Google meet platforması üzərindən təşkil olunub. Vebinarda BAAU-nun və digər universitetlərin professor-müəllim heyəti, tədqiqatçılar, tələbələr və digər maraqlı şəxslər iştirak edib.
Vebinar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, çıxışında davamlı inkişaf anlayışının müasir dövrdə yalnız iqtisadi və ekoloji müstəvidə deyil, eyni zamanda mədəni və estetik ölçüdə də əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, sənət cəmiyyətin dayanıqlı inkişafına töhfə verən mühüm vasitədir və yaradıcılıq yanaşmaları urbanizasiya, memarlıq və sosial rifah məsələlərində yeni perspektivlər formalaşdırır. Prorektor əlavə edib ki, universitetdə bu istiqamətdə aparılan elmi araşdırmalar beynəlxalq əməkdaşlığın qurulmasına və inkişafına müsbət təsir etməkdədir.
Daha sonra Atatürk universitetində fəaliyyət göstərən, professor Öndər Yağmur çıxış edərək davamlı inkişaf konsepsiyasının qlobal çağırışlar fonunda aktuallığını qeyd edərək, sənət və iqtisadi inkişaf arasında qarşılıqlı əlaqələrin elmi əsaslarını təqdim edib. O, xüsusilə şəhərsalma siyasətində estetik və ekoloji tarazlığın qorunmasının vacibliyini önə çəkib və bu sahədə beynəlxalq təcrübələrdən nümunələr təqdim edib.
Vebinarda həmçinin İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, Prof. Cem Işık davamlı inkişaf strategiyalarının akademik müstəvidə araşdırılmasının əhəmiyyətindən bəhs edib, universitetin bu istiqamətdə elmi platforma rolunu gücləndirməyə davam edəcəyini bildirib.
Vebinar çərçivəsində iştirakçılarla fəal müzakirələr aparılıb və sual-cavab sessiyası təşkil olunub.




