Xəbərlər

Tanınmış dilçi alim professor Qara Məşədiyevin elmi yaradıcılığına və xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tanınmış dilçi alim professor Qara Məşədiyevin elmi yaradıcılığına və xatirəsinə həsr olunmuş tədbir keçirilib
  • 27 Dec 2023

27 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə, vaxtilə Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq etmiş, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya sektorunun müdiri olmuş tanınmış dilçi alim professor Qara Məşədiyevin elmi yaradıcılığına və xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının 4-cü kurs tələbələri, Qara Məşədiyevin tələbəsi olmuş doktorant və magistrantları və dilçi alimin ailə üzvləri iştirak ediblər. Tədbiri Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli açaraq professor Qara Məşədiyevin müasir Azərbaycan dilinin semasiologiyası, onomastikası, Azərbaycan dilinin nitq hissələrinin semantikası, Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili kimi araşdırmaları haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra professor Ədalət Tahirzadə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç, Nəzəri dilçilik və türk dilləri kafedrasının müəllimləri Ziya Bəhmənli, Turanə Zeynalova, Sevinc Talıbova, universitetin Kitabxana və informasiya mərkəzinin müdiri Sima Cəfərova çıxış ediblər. Çıxışçılar professor Qara Məşədiyev haqqında həm bir alim kimi, həm də bir insan kimi bir-birindən dəyərli fikirlər səsləndiriblər. Qara müəllimin nəvəsi Fidan Məşədiyeva babası haqqında gözəl xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə alimin tələbələri də çıxışçılar arasında yer tutaraq, müəllimləri haqqında fikirlər səsləndiriblər. Tədbir Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri Emin Zeynalov və Zivər Muradzadənin professor Qara Məşədiyev haqqında hazırladıqları geniş təqdimatla sona çatıb.

Digər Xəbərlər