Xəbərlər

Rektorlar Konfransının Nizamnamə layihəsi müzakirə olunur

Rektorlar Konfransının Nizamnamə layihəsi müzakirə olunur
  • 26 Jun 2022

“Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində növbəti tədbir keçirilib. Müzakirələrə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazirin müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr qatılıblar. Bakı Avrasiya Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımov təmsil edib. 

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov toplantı iştirakçılarını salamlayaraq 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə səmimi təbriklərini çatdırıb. Daha sonra rektor tədbirin həyata keçirilməsində verdiyi böyük dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib. İbad Abbasov çıxışında sözügedən layihənin icrası və uğurları barəsində bir sıra mühüm məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək təhsil sahəsində aparılan islahatlardan danışıb. Nazir müavini təhsilinin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs edib. İ.İsayev ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübələrin bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu addım olduğunu və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə edib. O həmçinin Rektorlar Konfrasının tərkibində yaradılması təklif edilən komitələrin təhsil strategiyasına uyğunluğunu da vurğulayıb. Nazir müavini ali təhsil müəssisələrinin layihədə yaxından iştirak edərək öz tövhələrini vermələrinin vacib olduğunu xüsusilə diqqətə çatdırıb.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış edərək, layihənin məqsədi, hədəfləri və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verib. Daha sonra o, layihə çərçivəsində yerinə yetirilən fəaliyyətlər, o cümlədən ali təhsil müəssisələrində aparılan tədqiqatlar və onların nəticələri, ehtiyacların təhlili barədə danışıb. Yekunda G.Bayramova Konfransın təşkilati strukturu, idarə heyəti barəsində təklifləri müzakirəyə təqdim edib.

Toplantıda Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov, Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

Onu da qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Digər Xəbərlər