- 10 Jul 2025
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dosent Səyavuş Qasımov 10 iyul 2025-ci il tarixində Şamaxıda “YayFest” çərçivəsində təşkil olunan “Təhsildə milli kimlik və suveren fikrin uğurlu sinerjisi” adlı panel müzakirəsində iştirak edib. Sözügedən panel müzakirəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalovun moderatorluğu ilə başlayıb. Panel görüşünün qonaqları arasında Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov da olub.
Əsas müzakirə mövzuları müasir təhsil modeli, milli kimliyin qorunması, strateji və suveren düşüncə tərzinin formalaşdırılması və gənclərin gələcək karyera imkanları ilə bağlı olan panel görüşündə BAAU-dan qatılan tələbələrlə yanaşı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən tələbələr iştirak edib.
Panel çərçivəsində rektor Səyavuş Qasımov təhsildə milli kimliyin qorunması, gənclərin strateji və suveren düşüncə tərzinin formalaşdırılması, rəqəmsal dövrdə ali təhsilin rolu və əmək bazarına uyğun bacarıqların aşılanması mövzusunda fikirlərini bölüşüb. O, universitet təhsilinin yalnız bilik deyil, eyni zamanda şəxsiyyət formalaşdırma missiyası daşıdığını vurğulayıb.
Panel iştirakçılarının sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib. Görüş tələbələrin fəal iştirakı və interaktiv müzakirələri ilə yadda qalıb.
Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.