Xəbərlər

Türkiyəli rektor Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyəli rektor Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi
  • 23 Oct 2023

Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin dəvəti ilə Azərbaycana səfərə gəlmiş Niğde Ömər Halisdəmir Universitetinin rektoru, professor Hasan Uslu və  universitetin “Texnopark”ının müdiri, dosent Rıfat Battaloğlu oktyabrın 19-20-də təşkil olunan “Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası” adlı beynəlxalq konfransda iştirak ediblər. Konfransın açılış mərasimində çıxış edən rektor Hasan Uslu Türkiyə və Azərbaycanın dostluq əlaqələrinin tarixindən və gələcək inkişaf perspektivlərindən danışıb. Konfransdan sonra qonaqlar BAAU-nin fəaliyyəti ilə yaxından tanış olublar. “Filologiya” fakultəsi ilə başlayan tanışlıq zamanı türkiyəli qonaqlara fakultə tərkibində fəaliyyət göstərən kafedralar və ixtisaslar haqqında məlumat verilib. “Nəzəri dilçilik və türk dilləri” kafedrasını ziyarət edən qonaqlar bu yaxınlarda kafedra müdiri seçilmiş Zəminə Rüstəmbəylini təbrik edərək, ona uğurlar arzulayıblar. Daha sonra Hasan Uslu və Rıfat Battaloğlu BAAU-nun kitabxanasında olublar. Kitabxananın elektron resursları və kitab fondu ilə tanış olan qonaqlar yaradılan şərait və imkanları yüksək qiymətləndiriblər. Hasan Uslu kitab fondunun zənginliyinin keyfiyyətli kadr hazırlığında başlıca meyarlardan biri olduğunu vurğulayıb. Daha sonra tədrisin gedişi ilə maraqlanan qonaqlar dərslərin keçirildiyi auditoriyalara baş çəkiblər. İlkin olaraq müəllim Günel Kazımovanın tədris etdiyi “fransız dili” dərsinin keçirildiyi kabinetə daxil olublar. Tələbələrlə səmimi şəkildə söhbət edən rektor Hasan Uslu onlara daha yaxşı təhsil almağın vacibliyi barədə fikirlərini çatdırıb. Sonra “Regionşünaslıq və İqtisadiyyat” fakultəsi ilə tanışlıq başlayıb. Qonaqları qarşılayan fakultə dekanı, dosent Mütəllim Rəhimov onlara mövcud olan ixtisaslar, o cümlədən, bakalavr, magistratura və doktorantura səviyyəsində fakultənin kadr hazırlığı barədə məlumat verib. Qonaqlar dosent Vüsalə Həsənovanın “Azəbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənninin tədris olunduğu auditoriyaya baş çəkiblər. Tələbələrlə söhbət edən Hasan Uslu onlara Türkiyədəki təhsil sistemi barədə məlumat verib. Daha sonra tələbələrlə xatirə şəkili çəkdirilib. Niğde Ömər Halisdəmir Universitetinin rektoru, professor Hasan Uslu və  universitetin “Texnopark”ının müdiri, dosent Rıfat Battaloğlu səfərləri çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə qızıl gül dəstələri qoyublar. Qonaqlar daha sonra Türk Şəhidliyini və Milli Məclisin deputatı Qənirə Paşayevanın da qəbrini ziyarət ediblər.

Digər Xəbərlər