Xəbərlər

Türkiyənin Uşak Universitetinin əməkdaşı BAAU-nun qonağı olub

Türkiyənin Uşak Universitetinin əməkdaşı BAAU-nun qonağı olub
  • 18 Oct 2024

Türkiyə Cumhuriyyətinin Uşak Universitetinin əməkdaşı Niyare Kurtbelyalova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) qonağı olub.
Qonaq ilk öncə BAAU-nun rektoru dos. Səyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor dos. Sevda Rzayeva və rektorun köməkçisi Arif Nəcimov ilə görüşüb. Görüşdə qonağı salamlayan və Uşak Universiteti ilə əlaqələrin inkişafından məmnunluğunu bildirən rektor dos. S.Qasımov son illər universitetdə görülən işlər haqqında, həmçinin onun maddi-texniki bazasından, professor-müəllim heyəti və tələbə kontingentindən söhbət açıb.
Göstərilən diqqət və verilən məlumatlara görə təşəkkürünü bildirən xanım N.Kurtbelyalova burada olmaqdan məmnunluğunu ifadə edib. Görüş zamanı BAAU ilə Uşak Universiteti arasında potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Sonra xanım N.Kurtbelyalova BAAU-nun Filologiya fakültəsinin tələbələri üçün “Krım tatar ədəbiyyatında təbiət” mövzusunda mühazirə keçib. Mühazirə zamanı o, Krım tatar ədəbiyyatının görkəmli nümayəndələri Əşrəf Şəmizadə, Cingiz Dağcı və Şakir Səlimin əsərlərində Krımın əsrarəngiz təbiətinin təsvirinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Xüsusilə Şakir Səlimin “Ağbardaq” (“Novruzgülü”) şeirini təhlil edərək, Krım tatar poeziyasının təbiətə həssas münasibətinin ədəbiyyatın ümumi poetik dəyərləri ilə səsləşdiyini qeyd edib.
Mühazirə zamanı tələbələrə Krım tatarlarının sürgün həyatı haqqında geniş məlumat verilib, həmçinin onların ədəbiyyatı və mədəni irsinin tarixdəki əhəmiyyəti barədə ətraflı söhbət aparılıb.
Mühazirə xanım N.Kurtbelyalovaya ünvanlanmış sualların cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər