- 13 Dec 2024
Dekabrın 12-də tanınmış türkoloq, professor Şükrü Haluk Akalın Azərbaycana səfəri çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) qonağı olub.
BAAU-nun rektoru, dosent Səyavuş Qasımov Ş.H.Akalını qəbul edib. Görüşlər zamanı universitetin fəaliyyəti, türk dili və ədəbiyyatı sahəsində görülən işlər barədə məlumat verilib, gələcəkdə birgə həyata keçirilə biləcək layihələr müzakirə olunub və türkoloq professorun iştirakı iləustad dərsləri, onlayn mühazirələr və konfransların təşkili ilə bağlı razılıq əldə edilib.
Görüşlərdən sonra Ş.H.Akalın Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə məruzə ilə tələbələr qarşısında çıxış edib və BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəylinin “XIV əsr nəsr abidəsi Mustafa Zəririnin “Siyərün-Nəbi” əsərinin leksikası” kitabının təqdimatında iştirak edib.
Sonda Ş.H.Akalın BAAU-nun fəxri qonağı olaraq Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə məruzəsi və səmərəli elmi-tədqiqat fəaliyyətinə görə rektor tərəfindən təltif edilib.
Qeyd edək ki, professor Ş.H.Akalın 2001-2012-ci illərdə Türk Dil Qurumu başqanı vəzifəsində çalışmış, həmçinin Türkiyənin Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı kafedrasında professor kimi fəaliyyət göstərib.