- 04 May 2023
Bakı Avrasiya Universitetində “Heydər Əliyev İli” çərçivəsində “Ümumi filologiya” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəylinin “Ulu Öndər Heydər Əliyev timsalında nitq mədəniyyəti və bədən dili” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan dilinin tarixi, onun inkişaf mərhələsi, türk dilləri içərisində tutduğu yeri, dilimizin dəyəri haqqında məlumat verən natiq qeyd edib ki, Azərbaycan dilində mükəmməl danışmaq, dilin dəyərini bilmək, dövlət dilinin əhəmiyyətini dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Qeyd olunub ki, XX əsr natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri məhz ulu öndər Heydər Əliyev olmuşdur.
Görüşdə Heydər Əliyevin Azərbaycan dilinə bəslədiyi sevgi, verdiyi dəyər, danışıq etikasının, natiqliq sənətinin, nitq mədəniyyətinin araşdırılması tarixi haqqında geniş söhbət aparılıb.
Bundan başqa, iştirakçılara bədən dilindən doğru istifadə etməyin incəlikləri haqqında da məlumat verilib.
Heydər Əliyev obrazında natiqlik sənətinin, nitq mədəniyyətinin, bədən dilinin mükəmməl harmoniyası haqqında geniş araşdırma tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Zəminə Rüstəmbəyli tələbələrin suallarını cavablandırıb, məruzə haqqında tələbələrin təəssüratlarını dinləyib və yekunda xatirə şəkilləri çəkdirilib.