- 29 Apr 2026
Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Tərcümə (fransız dili) ixtisası tələbələrinin iştirakı ilə “Sosial reallıq və müasir çağırışlar” mövzusunda tələbə elmi seminarı təşkil olunub.
Seminarda Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində müəyyən edilmiş prioritetlərə, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dəstək mövzuları ətraflında müzakirələr aparılıb.
Seminarı açılış nitqi ilə Tərcümə kafedrasının müdiri dosent Nigar Əliyeva başlayıb və tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağını yüksək qiymətləndirərək müasir dövrdə tərcüməçi peşəsinin yalnız dil bilikləri ilə məhdudlaşmadığını, eyni zamanda qlobal sosial proseslərin təhlilini tələb edən intellektual fəaliyyət sahəsi olduğunu vurğulayıb.
Tərcümə kafedrasının baş müəllim Leyla Məlikova seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, şəhər infrastrukturu, sosial-psixoloji və ekoloji məsələlər DİM-in əsas istiqamətləri ilə birbaşa əlaqəlidir. O, qeyd edib ki, WUF13 ərəfəsində gənclərin şəhərsalma və ekoloji çağırışlara elmi yanaşmasının təşviqi mühüm prioritetlərdəndir.
Seminar zamanı BAAU-nun tələbələri Çəməngül Şəfizadə, Cavid Cəfərli, Fatma Hüseynova, Xədicə Xəlilova, Günel Kərimli, Ləman Xəlilova, Ayşən Səfərova, Aytac Hüseynova, Nəzrin Musayeva və Gülbəniz Aslanova tərəfindən mövzuya uyğun hazırlanmış müxtəlif aktual məsələlər üzrə təqdimatlar da dinlənilib. Təqdimatlarda şəhər və ekologiya problemləri, o cümlədən Bakıda yağış suları ilə bağlı infrastruktur çətinlikləri, nəqliyyat sıxlığı və tarixi abidələrin qorunması məsələləri diqqət mərkəzində olub. Seminar çərçivəsində təqdim olunan təqdimatların toplu halında nəşrinin planlaşdırılması da bildirilib.
Tədbirin sonunda qeyd olunub ki, bu kimi elmi platformalar tələbələrin akademik biliklərinin inkişafı ilə yanaşı, onların analitik düşüncə qabiliyyətinin və fəal vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verir.




