- 25 Jun 2026
Bakı Avrasiya Universitetində (BAAU) 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Azərbaycan Ordusu və Milli Qürur Məktəbi” adlı tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun, dövlətimizin müdafiə qüdrətinin və milli təhlükəsizlik sahəsində əldə olunan nailiyyətlərin təbliği, eləcə də gənclər arasında vətənpərvərlik dəyərlərinin daha da möhkəmləndirilməsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov çıxışında güclü və peşəkar ordunun dövlətin əsas dayaqlarından biri olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi hərbi-siyasi uğurlar, beynəlxalq nüfuzunun yüksəlməsi və milli təhlükəsizliyinin etibarlı şəkildə qorunması ölkəmizin müdafiə potensialının güclənməsinin bariz göstəricisidir.
Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova çıxışında Azərbaycan Ordusunun formalaşma və inkişaf mərhələlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və milli təhlükəsizliyin təmin edilməsində oynadığı mühüm roldan bəhs edib. O, 26 iyun – Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyətini vurğulayaraq, müasir Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti və xalq-ordu birliyinin dövlətimizin gücünün əsas göstəricilərindən biri olduğunu qeyd edib.
Tədbirdə İqtisadiyyat kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva, Biznes və menecment kafedrasının müdiri, dosent Mətanət Qurbanova, Elm, innovasiya və doktorantura sektorunun müdiri dosent Vüsalə Həsənova və universitet tələbələri də çıxış edərək Azərbaycan Ordusunun qazandığı uğurlar, dövlətimizin müdafiə siyasəti, milli həmrəylik və vətənpərvərlik dəyərləri ilə bağlı fikirlərini bölüşüblər.
Kitabxana-informasiya mərkəzinin müdiri Məlahət Alıyeva “Vətən sevgisi və ordu qüdrəti” mövzusunda çıxış edərək gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb. O, vətənpərvərlik tərbiyəsinin sağlam və məsuliyyətli vətəndaş yetişdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.
Ümumi fənlər kafedrasının baş müəllimi Əfqan Zahirov “Güclü ordu və vətənpərvər gənclik Azərbaycanın gələcəyinin təminatıdır” mövzusunda məruzə ilə çıxış edərək milli təhlükəsizliyin möhkəmləndirilməsində savadlı, vətəninə bağlı və məsuliyyətli gənclərin rolundan danışıb.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, Azərbaycan Ordusunun qüdrətinin xalqımızın milli qürur mənbəyi olduğu vurğulanıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və Silahlı Qüvvələr Gününün əhəmiyyətinin təbliği, gənclərdə milli-mənəvi dəyərlərin və vətənə bağlılıq hissinin gücləndirilməsi istiqamətində mühüm maarifləndirici platforma kimi dəyərləndirilib.




