- 14 Oct 2026
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə “Karyera Naviqatoru - Filoloqun karyerası” layihəsi çərçivəsində “Redaktə prosesi: Mətn necə dəyişir?” mövzusunda seminar keçirilib. Seminarda BAAU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüşdə “Libra Kitab” nəşriyyatı evinin baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru, dosent İmanyar Quliyev redaktə peşəsinin formalaşma tarixi, müasir dövrdə əsas fəaliyyət istiqamətləri və mətnlərin redaktəsi zamanı qarşıya çıxan çətinliklər barədə məlumat verib. O, redaktənin yalnız dil və qrammatik səhvlərin aradan qaldırılmasından ibarət olmadığını, məzmunun dəqiqliyinin, üslub bütövlüyünün və fikrin düzgün ifadəsinin təmin edilməsində də mühüm rol oynadığını vurğulayıb.
Müzakirələr zamanı redaktə prosesinin əsas mərhələləri, mətn üzərində iş prinsipləri, peşəkar redaktorun məsuliyyəti və keyfiyyətli mətnin hazırlanmasında diqqət yetirilməli məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş interaktiv şəkildə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
“Karyera Naviqatoru - Filoloqun karyerası” layihəsi tələbələrin ixtisasları üzrə peşəkar inkişafına dəstək göstərilməsinə, əmək bazarının tələbləri ilə tanış olmalarına və gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə xidmət edir.




