Xəbərlər

Universitetin tələbələri “Changemakers AI Hackathon”da fəal iştirak ediblər

Universitetin tələbələri “Changemakers AI Hackathon”da fəal iştirak ediblər
  • 26 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri “SEPTEM Tech” şirkətinin, Birbank-ın və “Oxbridge Academy Azerbaijan” şirkətinin təşkilatçılığı ilə keçirilən “Changemakers AI Hackathon” tədbirində "CodetriX" komandası olaraq iştirak ediblər. 

BAAU-nun tələbə komandasının üzvləri Filologiya fakültəsinin Tərcümə (Alman dili) ixtisasının II kurs tələbəsi Əli Süleymanzadə və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq (ABŞ və Kanada) ixtisasının II kurs tələbəsi Kamran Kazımlı "FEXİ" adlı innovativ layihələri ilə sözügedən tədbirdə çıxış ediblər. 

Tələbələrin təqdim etdikləri innovativ layihənin məqsədi, keyfiyyətli və əlçatan təlim-tədris təşkil etmək üçün veb və mobil tətbiqli, eləcə də oyun əsaslı "AI blockchain" təlim proqramını hazır etmək olub. Sözügedən layihənin icrası çərçivəsində BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) daxil olan 5-ci məqsədə, yəni keyfiyyətli təhsilə də töhfə vermək nəzərdə tutulub. BAAU-nun tələbələrinin layihəsi münsiflər və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.   

Tədbir iki mərhələdən ibarət olub. İlk seçim mərhələsi 21 yanvar tarixində keçirilmiş və uğurla keçmiş komandalarla iclas təşkil olunub. Hackathonun əsas mərhələsi isə 25 yanvar tarixində baş tutub. 

Sözügedən tədbirdə “Changemakers AI Hackathon” iştirakçılara süni intellekt sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, innovativ ideyalar üzərində işləmək və komanda əməkdaşlığı təcrübəsi qazanmaq imkanı yaradıb.

Tədbir süni intellekt sahəsində gənc istedadların dəstəklənməsi və innovativ layihələrin təşviqi istiqamətində əhəmiyyətli addım olaraq qiymətləndirilir.

Digər Xəbərlər