Xəbərlər

Universitetinin tərəfdaşlığı ilə 6-cı Beynəlxalq CLIL Konfransı uğurla keçirilib

Universitetinin tərəfdaşlığı ilə 6-cı Beynəlxalq CLIL Konfransı uğurla keçirilib
  • 12 Feb 2026

Özbəkistan Respublikasının Buxara şəhərində yerləşən Buxara Dövlət Universitetində Bakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı ilə Məzmun və Dilin İnteqrativ Tədrisi (CLIL) üzrə 6-cı Beynəlxalq Konfrans keçirilib. Konfrans həm əyani, həm də onlayn formatda təşkil olunub.

“XXI əsr üçün CLIL-də innovasiyalar, süni intellekt və inklüzivlik: Çoxdilli düşüncələrin gücləndirilməsi” mövzusuna həsr olunan konfrans çərçivəsində CLIL yanaşmasının müasir inkişaf istiqamətləri, çoxdilli təhsilin təşviqi və innovativ pedaqoji modellər ətrafında geniş müzakirələr aparılıb.

Konfrans zamanı ümumilikdə 250 məruzə dinlənilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər, tədqiqatçılar, müəllimlər və təhsil mütəxəssisləri ilə yanaşı, BAAU-nun əməkdaşları da konfransda elmi məruzələrlə çıxış edib, CLIL yanaşmasının nəzəri və praktik aspektləri üzrə tədqiqat nəticələrini təqdim edib, müasir pedaqoji modellər və çoxdilli təhsil strategiyaları istiqamətində aparılan akademik müzakirələrə elmi töhfə verib.

Məruzələrdə məzmun və dilin inteqrativ tədrisinin XXI əsr bacarıqlarının formalaşdırılmasında rolu, mədəniyyətlərarası şüurun inkişafı, inklüziv təhsil mühitinin gücləndirilməsi və rəqəmsal transformasiya şəraitində CLIL yanaşmasının tətbiqi məsələləri ətrafında elmi fikir mübadiləsi aparılıb.

Konfrans proqramı innovativ CLIL metodologiyaları və tədris dizaynı, fənlərarası məzmun və dil inteqrasiyası, qiymətləndirmə və əks-əlaqə mexanizmləri, müəllim təhsili və peşəkar inkişaf, çoxdillilik və qlobal vətəndaşlıq, rəqəmsal texnologiyalar və onlayn platformalar, CLIL-də süni intellekt tətbiqləri, inklüziv və ədalətli tədris praktikaları, dil siyasəti və kurikulumun inkişafı, eləcə də CLIL-in kognitiv, sosial-emosional və akademik təsirləri kimi aktual istiqamətləri əhatə edib.

Tədbirin sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Digər Xəbərlər