Xəbərlər

“Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində tədbir keçirilib

“Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində tədbir keçirilib
  • 25 Oct 2023

Oktyabrın 25-də İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BMT-nin “Keyfiyyətli təhsil” dayanıqlı inkişaf məqsədi istiqamətində “Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan İB-nin sədri Səyavuş Qasımov deyib ki, layihənin əsas məqsədi Azərbaycanda ali təhsil sahəsində olan problemləri araşdıraraq gənc kadrların hazırlanmasında ortaya çıxan problemlərin öyrənilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yer ala bilməməsinə əsas yaradan amilləri müəyyənləşdirərək, onun aradan qaldırılmasına yönələn təkliflər işləyib hazırlamaqdır. S.Qasımov bunun üçün dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz edilməsi, Boloniya sisteminin təkmilləşdirilməsi, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması və s. məsələlərin diqqət mərkəzinə gətirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Layihənin eksperti, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova isə çıxışı zamanı bildirib ki, təhsil sferasının inkişafı sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Ü.Hüseynova daha sonra keyfiyyətli təhsili xarakterizə edib və onun üstünlüklərini sadalayıb. 

Təhsil üzrə ekspert Vüsal Kərimli çıxışında ali təhsil sistemində mövcud problemlərə toxunub. O deyib ki, müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün infrastruktur işləri ilə yanaşı müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılması da vacibdir. Eyni zamanda güclü elmi-pedaqoji kadrlar da formalaşdırılmalıdır. 

Ali təhsilin idarəedilməsi üzrə tədqiqatçı Esmira Kazımova çıxışında  Respublikamızın ali məktəblər bazasında innovasiya-təhsil fəaliyyəti mərkəzlərinin yaradılması ehtiyacından da bəhs edib. Mövcud durumu qiymətləndirən E.Kazımova deyib ki, ali məktəblər təhsil xidmətlərinin azad bazar tələblərinə uğurla uyğunlaşdırmağa başlayıblar və artıq professional təhsilin kommersiyalaşdırılması prosesi gedir, lakin elmi biliklərin kommersiyalaşdırılması sferası zəif inkişaf edir. Bu istiqamətdə daha çox addımlar atılması vacibdir. 

Daha sonra müzakirələr aparılıb və iştirakçıların suallarına cavab verilib.

Digər Xəbərlər