- 19 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) I kurs tələbələrinin iştirakı ilə ekoloji şüurun artırılması və “yaşıl düşüncə”nin formalaşdırılması məqsədilə Elm, innovasiya və doktorantura sektoru və Ümumi fənlər kafedrasının birgə təşkilatçılığı ilə Nəbatat Bağında maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində Nəbatat Bağının mütəxəssisi tərəfindən tələbələrə bağın fəaliyyəti, bitki örtüyünün qorunması, biomüxtəlifliyin əhəmiyyəti və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə elmi və praktiki məlumatlar təqdim olunub. Maarifləndirici hissədən sonra tələbələr komandalar üzrə qruplaşdırılaraq ekoloji mövzular üzrə təşkil olunan yarışmada iştirak ediblər.
Yarışmanın nəticələrinə əsasən yüksək nəticə göstərən komandalar müəyyən edilərək I, II və III yerlərə layiq görülüb, qaliblərə simvolik hədiyyələr təqdim edilib.
Tədbirin əsas məqsədi ali təhsil alan gənclərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, davamlı inkişaf prinsiplərinin təbliği və təbiətə elmi əsaslı yanaşmanın formalaşdırılması olub.




