- 18 Jun 2023
İyunun 14-15-də Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetində 10-cu Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Niğde Ömər Halisdemir Universiteti, Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə keçirilən simpozium türkləri bir araya gətirən, hər il təşkil olunan genişmiqyaslı tədbirdir.
Simpoziumun məqsədi türkdilli ölkələr arasında əməkdaşlığı gücləndirmək, dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, ünsiyyət, beynəlxalq münasibətlər, regional problemlər, biznes, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm və beynəlxalq araşdırmalar kimi sahələrdə aktual akademik problemləri müzakirə etməkdir.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Naziri Sayasat Nurbek Simpoziumun açılış mərasimində onlayn təbrik göndərib. Nazir simpoziumun tarixindən danışıb və onun türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Nazir çıxışı zamanı bildirib ki, “ortaq dəyərimizə çevrilən tariximizin öyrənilməsi, mədəni əlaqələrimizin daha da dərinləşdirilməsi, dil, din və digər sahələrlə bağlı araşdırmaların aparılması zərurəti heç vaxt gündəmdən düşməyib. İnanırıq ki, Türk Dünyası Araşdırmalar Simpoziumunun əldə etdiyi elmi nəticələri türk xalqlarının birliyinin və mədəni əlaqələrinin möhkəmlənməsinə, türk dövlətlərinin etimad əlaqələrinin artırılmasına, onların iqtisadi və strateji planlarının hazırlanmasına mühüm töhfə verəcəkdir.
Simpoziumun açılışında Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin rektoru Gülmira Kanay, Türkiyə Respublikasının Almatıdakı baş konsulu Əli Rza Akıncı, Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin Direktorlar Şurasının sədri, Dr. Omarxan Nurtayuly Oksikbaev, Niide Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu, Bakı Avrasiya Universitetinin prorektoru, professor Gülzar İbrahimova, Niğde Bələdiyyə sədri Emrah Özdemir, Qazaxıstan Alimlər Birliyinin prezidenti, akademik Orazalı Sabden, ictimai xadim, Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin məzunu Asılı Osman da çıxış edib.
Bakı Avrasiya Universitetinin prorektoru, professor Gülzar İbrahimova Simpoziumun əhəmiyyətinə toxunaraq qeyd edib ki, müasir dünyada türklərin öz dəyərlərini qoruması və inkişafı birlikdən keçir. Ona görə də hər bir ziyalı bu prosesə öz dəstəyini verməlidir. Hər bir türk dövlətinin uğurunu bütün türk dünyasının uğuru hesab etdiyini bildirən G.İbrahimova son zamanlar görülən əhəmiyətli işlərdən də bəhs edib: “Hesab edirəm ki, türk xalqlarının qarşılıqlı əməkdaşlığının və dünya sülhünün möhkəmlənməsinə xidmət edən simpoziumun nəticəsi olaraq gələcəkdə türk dünyasında birgə elmi layihələr həyata keçiriləcək və bu da mövcud problemlərin həllinə gətirib çıxaracaq”.
Açılış mərasimində Simpozium Proqramı çərçivəsində ənənə halını almış və tərəfdaş universitetlərin təşkilatçılığı ilə hazırlanan səhnə tamaşalarından, milli rəqs və mahnılarda ibarət “Kökümüz bir, türkük” festivalı təşkil olunub. Festivalda Bakı Avrasiya Universitetini təmsil edən bədii qrupun ifası alqışlarla qarşılanıb. Xüsusilə, xanəndə Murad Kəngərlinin ifasında səsləndirilən, tarda İlhamiz İsmayılov, kamançada Pərviz Fərhadovun müşayət etdiyi “Çırpınırdı Qara dəniz” mahnısını bütün tamaşaçılar onunla bərabər oxuyub və ayaq üstə alqışlayıblar. Bundan başqa aşıq Cavanşir Quliyev sazda milli mahnılar ifa edib.
İki gün davam edən Simpoziumda elmin müxtəlif sahələrinə həsr olunmuş sessiyalar keçirilib. Tədbirə qatılan alimlər əvvəlcədən təqdim etdikləri mövzular üzrə çıxışlar edib, fikir mübadiləsi və müzakirələr aparıblar.
Simpoziumda iştirak edən festivalın bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürnamələr və sertifikatlar təqdim edilmiş, üç ölkənin ali məktəblərinin rəhbərləri bir-birinə xoş arzularını bildirmiş, əməkdaşlıq əlaməti olaraq xatirə hədiyyələri təqdim etmişlər.
Bundan əlavə, simpoziumun qonaqlarını Qazaxıstanın mədəni-tarixi yerləri ilə tanış etmək məqsədilə Almatı vilayətinin müxtəlif tarixi və görməli bölgələrinə səyahət təşkil olunub.
Bağlanış mərasimində simpoziumun builki qətnaməsi təsdiq edilib. Qətnamədə 11-ci Türk Dünyası Araşdırmalar Simpoziumunun 13-15 iyun 2024-cü il tarixlərində Bakı Avrasiya Universitetində keçiriləcəyi elan edilib. Bundan başqa qətnamədə qarşıdakı bir il ərzində görüləcək işlər də yer alıb.
Qeyd edək ki, Simpozium çərçivəsində təqdim edilmiş elmi məqalələrdən ibarət toplu nəşr olunacaq. Toplunun nəşri Türk Dünyası haqqında elmi araşdırmaların qorunmasını və Simpoziumun davamlılığını təmin edir.